azturkxeber.az
http://azturkxeber.az

“Dirilik” məcmuəsinin transliterasiya olunmuş toplusunun təqdimatı keçirilib

10-07-2025

Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya olunmuş sayılarından ibarət toplusunun təqdimat mərasimi baş tutub.

“Füyuzat” jurnalının məlumatına görə, tədbirdə yazıçılar, naşirlər, rəsmi şəxslər, media nümayəndələri və ictimaiyyət iştirak edib.

Toplu MİMTA Fondunun layihəsi çərçivəsində, British Petroleum (bp) şirkətinin dəstəyi ilə MİMTA Yayımları tərəfindən nəşr olunub.

Tədbiri açan bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp müxtəlif sahələrə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, eləcə də xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliği sahəsinə töhfələr verməyə davam edir. O, “Dirilik” jurnalının transliterasiyasını da bu töhfələrdən biri kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə hədiyyə olaraq bp-nin dəstəyi ilə ərsəyə gələn bu nəşr milli mətbuat tarixinə, onun müasir ənənələrinə və cəmiyyətin mənəvi inkişafındakı roluna verilən dəyərin göstəricisidir.

Daha sonra layihənin müəllifi, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib:

“Fondumuzun əsas məqsədlərindən biri irsimizin bərpası və təbliğidir. Bu il 20 illiyini qeyd edən MİMTA Fondu fəaliyyət dövrü ərzində bir sıra önəmli layihələrə imza atıb. Bu layihələrdən biri də mətbuat irsinin transliterasiyası sahəsində görülən işlərdir. Fondumuzun bu istiqamətdə böyük təcrübəsi var. Məsələn, Azərbaycanın ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin saylarını transliterasiya edərək toplu şəklində yayımlamışıq. Həmçinin “Füyuzat” jurnalını və “İşıq” qəzetini də ilk nəşrlərindən 100 il sonra bərpa etmişik. “Dirilik” məcmuəsi ilə bağlı tədqiqatı isə öz imkanlarımızla apararaq bu toplusu hazırlamışıq. Gələcəkdə də bu istiqamətdə layihələrimiz davam edəcək. bp şirkətinə toplunun nəşrinə verdiyi dəstəyə görə təşəkkür edirəm.”

Tədbirdə daha sonra çıxış edənlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, millət vəkili Ceyhun Məmmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və digərləri “Dirilik” jurnalının milli ideologiyanın formalaşmasında oynadığı roldan danışıblar, transliterasiya olunmuş toplusu yüksək qiymətləndirərək, onu milli mətbuatın 150 illiyinə dəyərli töhfə kimi qiymətləndiriblər.

Qeyd edək ki, bu toplu XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış “Dirilik” jurnalının transliterasiya edilmiş saylarını əhatə edir. 1914–1916-cı illərdə nəşr edilən və cəmi 28 sayı çıxan jurnal, milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı olmuş, dövrünün aparıcı fikir tribunasına çevrilmişdi. “Dirilik” məcmuəsi Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar verən nəşrlərdən biri olmuşdur.

Toplunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi filologiya elmləri doktoru, professor Nizami Cəfərov, redaktoru isə Əsəd Aslanoğludur. Transliterasiya işini MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları – Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu həyata keçiriblər.

Bu toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar və ümumilikdə ötən əsrin ilk onilliklərinə aid mətbuat və ədəbiyyatla maraqlananlar üçün qiymətli mənbədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031