Səbinə Əliyeva: “Süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir”

Səbinə Əliyeva bu fikirləri altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı səsləndirib.
Azturkxeber.az Ombudsman Səbinə Əliyevanın çıxışının tam mətnini təqdim edir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı:
Hörmətli Fərəh xanım,
Hörmətli Təşkilat Komitəsinin üzvləri,
Hörmətli müsabiqə iştirakçıları,
Xanımlar və cənablar!
İlk növbədə hər birinizi səmimi qəlbdən salamlayır, altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə yüksəlmiş bütün iştirakçıları ürəkdən təbrik edirəm.
Müasir dünya tarixinin ən sürətli dəyişikliklər dövrünü yaşayır. Texnologiyalar inkişaf edir, peşələr dəyişir, idarəetmə modelləri yenilənir. Lakin dəyişməyən bir həqiqət var: inkişafın müəllifi yenə də insandır.
Bu gün süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir, yeni imkanlar və yeni çağırışlar yaradır. İnnovasiyalarla ayaqlaşmaq artıq seçim deyil, zamanın tələbidir.
Təsadüfi deyil ki, Azərbaycan dövləti də bu istiqaməti strateji prioritet kimi müəyyən etmişdir. Cari ilin iyun ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi rəqəmsal transformasiya və süni intellekt sahəsinə dövlət səviyyəsində verilən önəmin, ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyasının və müasir idarəetmə yanaşmasının bariz göstəricisidir.
Lakin bir həqiqəti heç vaxt unutmamalıyıq: süni intellekt gələcəyin alətidir, təbii intellekt isə gələcəyin müəllifidir. Texnologiyalar inkişafın sürətini artırır, lakin onun istiqamətini insanın zəkəsi, dəyərləri və məsuliyyəti müəyyən edir. Buna görə də hər birimiz texnologiyalarla ayaqlaşmaqla yanaşı, biliklərimizi, analitik düşüncəmizi, dünyagörüşümüzü və etik məsuliyyət hissimizi daim inkişaf etdirməliyik. Əsl yüksəliş də məhz buradan başlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən uğurlu layihələrdən birinə çevrilmişdir. Bu müsabiqə yalnız bilik və bacarıqların qiymətləndirilməsi deyil, həm də liderlik keyfiyyətlərinin, dövlətçilik təfəkkürünün, müasir idarəetmə mədəniyyətinin və yüksək məsuliyyət hissinin formalaşdığı mühüm inkişaf platformasıdır.
Hörmətli iştirakçılar!
Bu gün Siz minlərlə namizəd arasından seçilərək final mərhələsinə yüksəlmisiniz. Bu uğur uzunmüddətli zəhmətin, davamlı özünüinkişafın, intellektual hazırlığın və yüksək məsuliyyət hissinin nəticəsidir.
Lakin əsl liderlik yalnız bilik və peşəkarlıqla məhdudlaşmır. Əsl lider insan hüquq və azadlıqlarına hörmət edən, qanunun aliliyinə sadiq qalan, etik prinsipləri rəhbər tutan, sosial məsuliyyətini dərk edən və qərar qəbul edərkən insan amilini daim diqqət mərkəzində saxlayan şəxsdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti də məhz bu prinsiplərə əsaslanır. İnsan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, bərabərliyin və ədalətin təşviqi ilə yanaşı, insan hüquqlarına hörmətin və ədalət prinsiplərinin qorunduğu mühitdə istedad inkişaf edir, liderlik isə etimad üzərində formalaşır. Əminəm ki, gələcəyin rəhbərləri kimi Siz də peşəkar fəaliyyətinizdə bu dəyərləri daim rəhbər tutacaqsınız.
Mentorluq proqramının əsas mahiyyəti də bundan ibarətdir. Bu proqram yalnız bilik və təcrübənin deyil, həm də idarəçilik mədəniyyətinin, dövlətçilik ənənələrinin, etik davranışın və məsuliyyət hissinin gələcək nəslə ötürülməsinə xidmət edir.
“Yüksəliş” müsabiqəsində mentor kimi iştirak etmək mənim üçün böyük məsuliyyət olmaqla yanaşı, xüsusi qürur mənbəyidir. Hesab edirəm ki, hər bir mentorun əsas vəzifəsi yalnız peşəkar təcrübəsini bölüşmək deyil, həm də gələcəyin liderlərində dövlətçilik düşüncəsini, qanuna hörməti, insan hüquqlarına həssas yanaşmanı və ictimai məsuliyyət hissini formalaşdırmağa töhfə verməkdir.
Hörmətli finalçılar!
Final mərhələsi Sizə öz potensialınızı nümayiş etdirmək, yeni bilik və təcrübə qazanmaq, fərqli baxışlardan faydalanmaq və gələcək inkişaf istiqamətlərinizi müəyyənləşdirmək üçün mühüm fürsətdir.
Müsabiqənin nəticəsindən asılı olmayaraq, burada qazandığınız biliklər, təcrübə və peşəkar əlaqələr gələcək fəaliyyətinizdə ən qiymətli sərvətiniz olacaqdır.
Əminəm ki, bu günün finalçıları sabah Azərbaycanın inkişafına istiqamət verən qərarların müəllifləri olacaq, müasir texnologiyaları yüksək intellekt, insan hüquqlarına hörmət və etik dəyərlərlə uzlaşdıraraq ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.
Bir daha hər birinizi təbrik edir, altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində Sizə uğurlar, gələcək fəaliyyətinizdə isə yeni nailiyyətlər arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: