FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində görüş keçiriblər
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində görüş keçiriblər. Görüşdə Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini polkovnik-leytenant Vüqar Əsgərov, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak ediblər. Görüş Mərkəzin fəaliyyəti, idarəetmə imkanları və fövqəladə hallara operativ reaksiya mexanizmləri ilə yaxından tanış olmaq məqsədilə keçirilib. Tədbirdə Mərkəzin rəis müavini V.Əsgərov tərəfindən iştirakçılara Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz ölkə ərazisində baş verən fövqəladə hadisələrin fasiləsiz monitorinqini həyata keçirir, daxil olan məlumatları operativ təhlil edir və aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsini təmin edir. Bu çərçivədə, həmçinin “112” qaynar telefon xəttinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal xəritələr, videomüşahidə sistemləri və digər qabaqcıl texniki vasitələrin tətbiqi fövqəladə halların idarə olunmasında operativliyin və faydalı iş əmsalının artırılmasına əhəmiyyətli töhfələr verir. Görüş zamanı İctimai şuranın üzvlərinə Mərkəzin əməliyyat zalı, monitorinq sistemi və məlumatların emalı prosesi əyani şəkildə təqdim olunub. Həmçinin, fövqəladə hadisələr zamanı qərar qəbuletmə mexanizmi və müxtəlif dövlət qurumları ilə koordinasiya prinsipləri izah edilib. Görüşdə İctimai şuran üzvlərinin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. Həmçinin, belə görüşlərin dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında etimadın möhkəmlənməsinə və birgə fəaliyyətin daha səmərəli təşkilinə mühüm töhfə verdiyinə əminlik ifadə olunub, konstruktiv dialoqun və qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: