azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva: “Müasir dövrdə etik məsuliyyət və rəqəmsal transformasiyaya çevik yanaşma vacibdir”

17-07-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, müasir dövrdə hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara çevik yanaşma da xüsusi əhəmiyyət daşıyır.

Azturkxeber.az xəbər verir ki, Səbinə Əliyeva bu fikirləri altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, insan kapitalının formalaşdırılması və inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunan və uğurla həyata keçirilən “Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkədə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib.

Ombudsman vurğulayıb ki, müsabiqə təkcə bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda inkişafyönümlü düşüncə tərzinin, idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm platformadır.

Səbinə Əliyeva finalçılara müraciət edərək bildirib ki, minlərlə namizəd arasından seçilərək final mərhələsinə yüksəlmək onların uzunmüddətli zəhmətinin, davamlı özünüinkişafının və yüksək məsuliyyət hissinin göstəricisidir.

Onun sözlərinə görə, əsl liderlik yalnız peşəkar biliklərlə məhdudlaşmır:

“İnsan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyinə sadiqlik, etik davranış, sosial məsuliyyət və qərar qəbuletmə prosesində insan amilinin əsas götürülməsi kimi fundamental prinsiplər mühüm rol oynayır.”

O qeyd edib ki, məhz bu dəyərlər cəmiyyətin etimadının qazanılmasına, ədalətli və dayanıqlı idarəetmənin təmin olunmasına zəmin yaradır.

Səbinə Əliyeva bildirib ki, Ombudsman təsisatının fəaliyyəti insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, ədalətin və bərabərliyin təşviqi kimi fundamental dəyərlərə əsaslanır. Onun sözlərinə görə, bu missiya hüquqi çərçivələrlə məhdudlaşmır, eyni zamanda dövlət qurumları ilə vətəndaşlar arasında etibarlı körpü rolunu oynayır.

O, həmçinin mentorluq proqramının əhəmiyyətinə toxunaraq vurğulayıb ki, proqram bilik və təcrübənin, idarəçilik mədəniyyətinin, məsuliyyət və etik dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Onun fikrincə, mentorun əsas vəzifəsi yalnız peşəkar təcrübəsini bölüşmək deyil, həm də gələcəyin liderlərində dövlətçilik təfəkkürünü, ictimai məsuliyyət hissini, qanunlara hörmət və insan amilinə həssas yanaşmanı formalaşdırmaqdır.

Çıxışının sonunda Ombudsman bildirib ki, müsabiqənin nəticəsindən asılı olmayaraq, iştirakçıların qazandıqları bilik, təcrübə və peşəkar əlaqələr onların gələcək fəaliyyətində ən dəyərli kapital olacaq.

“Əminəm ki, bu gün burada iştirak edən hər bir finalçı ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq, dövlət idarəçiliyinin, elmin, təhsilin, iqtisadiyyatın və digər sahələrin inkişafına öz layiqli töhfəsini verəcək”, – deyə Səbinə Əliyeva əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031