azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın “916” Çağrı Mərkəzinə 2026-cı ilin ilk 6 ayında 13 mindən çox zəng daxil olub

17-07-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzinə 2026-cı ilin ilk altı ayı ərzində ümumilikdə 13 724 zəng daxil olub.

Azturkxeber.az-ın məlumatına görə, çağrı Mərkəzinə daxil olan müraciətlər müxtəlif dövlət qurumlarının fəaliyyəti, sosial təminat, səhiyyə, məşğulluq, kommunal xidmətlər və digər insan hüquqları ilə bağlı məsələləri əhatə edib. “916” Çağrı Mərkəzi vətəndaşların müraciətlərinin operativ qəbulu və aidiyyəti üzrə yönləndirilməsi məqsədilə 24/7 rejimində fəaliyyət göstərir.

Statistikaya əsasən, zənglərin 12 102-si iş vaxtında, 1 622-si isə qeyri-iş vaxtında qəbul edilib.

Aylar üzrə müraciətlərin sayında artım müşahidə olunub. Yanvar ayında 1 768, fevralda 2 007, martda 1 920, apreldə 2 731, mayda 2 458, iyunda isə 2 840 zəng qeydə alınıb. Ən çox müraciət iyun ayında daxil olub.

Dövlət qurumları üzrə bölgüdə ən çox müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlara (2 308), TƏBİB-ə (1 714), Ədliyyə orqanlarına (1 431), Daxili İşlər orqanlarına (984), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (935), Elm və Təhsil Nazirliyi və tabeli qurumlara (856), Yerli icra hakimiyyəti orqanlarına (731), Müdafiə Nazirliyinə (572) və Baş Prokurorluğa (373) aid olub.

Müraciət edən əhali qrupları arasında aztəminatlı ailələr (1 617 nəfər) və istehlakçılar (1 569 nəfər) üstünlük təşkil edib. Bundan başqa, əlilliyi olan şəxslər (956), uşaqlar (772), məhkumlar (663), işaxtaranlar (647), hərbi qulluqçular (617), təqsirləndirilən şəxslər (483), tutulmuş şəxslər (454), həqiqi hərbi xidmətə çağırılan çağırışçılar (451), müharibə veteranları (359), qadınlar (358), məcburi köçkünlər (326) və digər kateqoriyalardan olan vətəndaşlar da Çağrı Mərkəzinə müraciət ediblər.

Məzmununa görə müraciətlər arasında ünvanlı dövlət sosial yardımı (1 617), kommunal problemlər (1 465), müayinə və müalicə (1 155), əlilliyin müəyyən edilməsi (898), aliment məsələləri (784), Dövlət Yol Polisinin fəaliyyəti (779), məşğulluq (707), əmək mübahisələri (667), təhsil məsələləri (581) və ehtimal olunan qeyri-obyektiv təhqiqat/istintaq (555) ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Bundan əlavə, maddi yardım, bank-kredit, məhkəmə qərarlarının icra olunmaması, qanunsuz saxlama ehtimalı, bələdiyyələrin fəaliyyəti, sığorta, saxlanma şəraiti, korrupsiya, mənzil, pensiya, məişət zorakılığı, təbii fəlakət nəticəsində dəymiş ziyan, miqrasiya və digər məsələlərlə bağlı da çoxsaylı müraciətlər qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031