azturkxeber.az
http://azturkxeber.az

Vaqif Poeziya Günləri Qazaxda başlanıb

17-07-2026

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi növbəti Vaqif Poeziya Günləri iyulun 16-da Qazaxda, böyük şairin doğma yurdunda başlanıb.

Azturkxeber.az-ın məlumatına görə, “Sözün hekayəsi” şüarı ilə keçirilən tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək dahi şairlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Qazax Ədəbiyyat Muzeyinin akt zalında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax bölməsinin sədri Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Vaqif Poeziya Günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Qeyd edib ki, məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb, Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramının əhəmiyyətini vurğulayıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi söz incilərindən bəhs edib. O, Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını deyib. Nazir müavini çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda, şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir.

Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış ediblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, zəngin proqramı olan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi iyulun 17-də Şuşada dahi şairin məqbərə kompleksinin önündə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031