Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günləri Şuşada nümayiş olunan "Sözün hökmdarı" adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi şair, dramaturq İlqar Fəhmidir.
Kompozisiyada görkəmli şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dövlət idarəçiliyinə gəlişi və ədəbi yaradıcılığı diqqətə çatdırılır.
Bir sıra teatrlardan aktyorların, bədii kollektivlərin iştirakı ilə hazırlanan nümunədə böyük şairin bir əlində qılınc, bir əlində qələm tutan sələfləri - Qazi Bürhanəddin Əhməd, Qara Yusif, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai başqaları səhnəyə gəlir. Onların dövlət idarəçiliyi ilə yanaşı, ədəbiyyat və mədəniyyətin də inkişafına qayğı göstərməklə tarixdə iz qoyduqları vurğulanır.
M.P.Vaqifin ən yaxın dostu görkəmli şair Molla Vəli Vidadi ilə olan
"Sözün hökmdarı" ədəbi-bədii kompozisiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bununla da, daha bir söz-sənət bayramı tarixə qovuşub.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi şəkildə şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.
2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən sonra bu ənənə yenidən bərpa olundu. 2021-ci ildə Şuşada Vaqif Poeziya Günləri daha böyük ruhla keçirilməyə başlandı.