BMU-da magistratura səviyyəsində gələcəyin maliyyə mühəndisləri yetişdiriləcək
2026/2027-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində (BMU) daha bir yeni ixtisaslaşma - “Maliyyə mühəndisliyi” üzrə kadr hazırlığı həyata keçiriləcək.
BMU-dan bildirilib ki, ixtisaslaşmanın əsas məqsədi maliyyə bazarlarında yaranan mürəkkəb problemləri müasir riyazi modellər, statistik metodlar, proqramlaşdırma, süni intellekt və rəqəmsal maliyyə texnologiyalarından istifadə etməklə həll edə bilən yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
Proqram magistrantlarda maliyyə bazarlarının modelləşdirilməsi, risklərin kəmiyyət üsulları ilə qiymətləndirilməsi, investisiya qərarlarının optimallaşdırılması, maliyyə texnologiyalarının tətbiqi və verilənlərə əsaslanan qərarvermə bacarıqlarını formalaşdırır.
İxtisaslaşma bank, investisiya və sığorta şirkətləri, maliyyə bazarları, maliyyə texnologiyaları (FinTech) şirkətləri və dövlət maliyyə institutları üçün rəqəmsal transformasiyanı sürətləndirən, maliyyə risklərini səmərəli idarə edən və innovativ maliyyə məhsullarının hazırlanmasına töhfə verən peşəkar maliyyə mühəndislərinin yetişdirilməsinə xidmət edir.
Tədris proqramının birinci mərhələsində magistrantlara maliyyə mühəndisliyinin fundamental bilikləri təqdim olunur. Bu mərhələdə onlar akademik yazı və elmi etika, maliyyə mühəndisliyi və risklərin menecmenti, beynəlxalq maliyyədə rəqəmsallaşma, ali ekonometrika, tədqiqat metodları və ali mikroiqtisadiyyat fənlərini öyrənirlər. Bununla yanaşı, magistrantlar makroiqtisadi modelləşdirmə, kapital bazarları mühəndisliyi, maliyyədə data analitikası, portfelin optimallaşdırılması, optimallaşdırma metodları və maliyyədə ədədi üsullar istiqamətləri üzrə seçim imkanları əldə edirlər. Bu mərhələ tələbələrdə analitik düşünmə, riyazi modellər qurmaq və maliyyə məlumatlarını emal etmək bacarıqlarını inkişaf etdirir.
İkinci mərhələdə isə təhsil daha çox tətbiqi və peşəkar istiqamət alır. Magistrantlar tədqiqat analitikası, maliyyə texnologiyaları, törəmə maliyyə alətlərinin qiymətləndirilməsi, kəmiyyət risk idarəetməsi, maliyyədə risk mühəndisliyi, pul siyasətinin modelləşdirilməsi, blokçeyn texnologiyaları və kriptovalyutalar, eləcə də dövlət maliyyəsinin modelləşdirilməsi sahələrində bilik və bacarıqlar əldə edirlər. Bu mərhələ magistrantların maliyyə bazarlarında qərarvermə, risklərin qiymətləndirilməsi və maliyyə innovasiyalarının tətbiqi üzrə peşəkar səriştələrini artırır.
Tədris proqramının məzmununa uyğun olaraq təhsil prosesi layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə, maliyyə modellərinin kompüter proqramları vasitəsilə qurulması, data analitikası və böyük verilənlərin emalı, ekonometrik və statistik analiz metodları, kəmiyyət maliyyəsi və optimallaşdırma üsullarının tətbiqi, real maliyyə bazarları üzrə praktik nümunələrin həlli, FinTech və blokçeyn texnologiyalarının tətbiqi, həmçinin elmi-tədqiqat və təqdimat əsaslı qiymətləndirmə kimi müasir yanaşmalar əsasında təşkil olunacaq.
Proqram çərçivəsində magistrantlara məcburi və seçmə fənlər tədris ediləcək.
Tədris planına əsasən proqramın son semestrində magistrantlar elmi-pedaqoji təcrübə və eyni kredit həcmində elmi-tədqiqat təcrübəsi keçəcək, magistr dissertasiyasını hazırlayaraq müdafiə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: