Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin alınmasına dair sənədlərin qəbulu elan edilib



Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin şəhadətnamə əldə etməsi üçün sənədlərin qəbulu 4 noyabr–4 dekabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, şəhadətnamə almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• ərizə (“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi Qaydası”nın 3 nömrəli əlavəsinə uyğun olaraq)
• şəxsiyyət vəsiqəsinin surəti;
• vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin surəti;
• ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti;
• 4x6 sm ölçüdə 2 (iki) ədəd və 3x4 sm ölçüdə 2 (iki) ədəd rəngli (ağ fonda) fotoşəkil;
• Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 (on) il iş stajına malik olmasını, həmin ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin Siyahısı”na uyğun olaraq xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin mövcudluğunu təsdiq edən müvafiq sənəd;
• məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirakını təsdiq edən sənəd.
Sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 24) təqdim edilməlidir.
Qeyd edək ki, müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan sənədlər (elan edilmiş müddətdə sifarişli poçtla göndərilmiş sənədlər istisna olmaqla) qəbul edilmir.
Əlavə məlumat üçün (012) 598-53-72 nömrəli telefonla əlaqə saxlamaq olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: