Azərbaycan-Mərakeş Gənclərinin Mübadilə Proqramı uğurla həyata keçirilib





Oktyabrın 16-dan 25-dək Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan-Mərakeş Gənclərinin Mübadilə Proqramı” həyata keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, proqram çərçivəsində 12 nəfərdən ibarət Mərakeş nümayəndə heyəti Bakı şəhərində, Şəkidə və Naxçıvan Muxtar Respublikasında səfərdə olub, Azərbaycanın tarixi və mədəni irsi, gənclər siyasəti, könüllülük fəaliyyəti və idman infrastrukturu ilə tanış olub.
Bakıda nümayəndə heyəti bir sıra tarixi və mədəni məkanları, eləcə də gənclər mərkəzləri və evlərini ziyarət edib, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Həmçinin sumo üzrə dünya çempionatını və U-15 futbol üzrə dünya çempionatının açılış mərasimini izləyib.
Şəkidə gənclər düşərgəsində təşkil olunan fəaliyyətlərdə iştirak edən nümayəndə heyəti Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə görüşdə ölkəmizdə könüllülük hərəkatı və bu sahədə həyata keçirilən təşəbbüslər barədə məlumat alıb, şəhərin tarixi və mədəni irsi ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasına səfər zamanı nümayəndə heyətini Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov qəbul edib. Oktyabrın 23-də isə gənclər və idman naziri Fərid Qayıbov Mərakeş nümayəndə heyəti ilə görüşüb. Görüşlərdə gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: