Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.
Azturkxeber.az-ın məlumatına görə, dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir.
Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: