ADPU Daşkənd Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
ADPU-dan bildirilib ki, görüşdə Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirov, rektorun müşaviri Həsən Şaripov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifjon Hətəmov, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru ptofessor Cəfər Cəfərov, rektor köməkçisi Riyad Rüstəmli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Nərgiz Səfərova iştirak ediblər.
Görüş zamanı universitetlərin nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələrinin tarixi, strukturu, akademik proqramları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universiteti yeni fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddət ərzində təhsil və elm sahəsində mühüm uğurlar əldə edib.
Tərəflər akademik əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. ADPU ilə Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universiteti arasında elmi və akademik əlaqələrin qurulması və gələcəkdə daha sıx əməkdaşlıq istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi barədə razılıq əldə olunub, müqavilə imzalanıb.
Görüşün sonunda qonaqlar ADPU-nun əsas binası, Kitabxana-İnformasiya Mərkəzi, Heydər Əliyev muzeyi və Türkoloji Mərkəz ilə tanış olub, universitetin infrastrukturu və təhsil imkanları haqqında məlumat əldə ediblər.