"Azərbaycan qələbə çalacaq” və “can Azərbaycanın yanındayız” manşetləri bütün türk mediasında birincilik təşkil edirdi- ZAHİD ORUC
Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 illiyi ilə bağlı dəyirmi masa keçirilib
Çıxış nitqi:
Zahid Oruc:” Ali Baş Komandan Şuşa planını ilk olaraq”…
Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir. Gəlin, əvvəlcə keçdiyimiz yola qısa nəzər salaq.
Qürurlu tarixə malik Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. 150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. İctimai fikirdə ümumtürk idealları intibah və quruculuğa xidmət edib. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi ziyalılar türk dünyasının ortaq fikir babalarıdır, çünki qaynaqları və kökləri birdir.
Bəllidir ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin şriftlərini, yəni, polad əlifbasını İstanbuldan gətirmişdi və ona görə də nəşrə “türk qəzeti” adını vermişdi.
Cümhuriyyət və sonrakı 70 illik sovet sistemində də türkçülük ideyaları, vahid tarix, din, milli birlik şüurunun diri-canlı qalmasında hər iki ölkə mətbuatının böyük rolu olmuşdu. Əlbəttə, sovet-Türkiyə münasibətlərinin dəyişən xarakteri informasiya savaşlarını da qaçılmaz edirdi.
Lakin ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi sovet Azərbaycanını faktiki müstəqilliyə yaxın hüquq və azadlıqlara sahib etməklə, media coğrafiyamızı da genişləndirdi, mədəni yüksəlişə səbəb oldu, tarixi köklərə bağlılığı artırdı və milli kimlik duyğularını daha da gücləndirdi. “Türkologiya” jurnalının nəşri də həmin siyasətin təzahürü idi.
90-cı illərdə Azərbaycanın yenidən müstəqilliyə qovuşması ilə iki ölkədə ortaq dövlət quruculuğu və vahid milli idealların, ümumtürk hədəflərinin formalaşdırılması vəzifəsi təkcə siyasi elitaların deyil, eləcə də mətbu orqanların üzərinə düşdü. İşğal, köçkünlük və torpaq itkilərindən xalqımızı xilas edən Ulu öndərin hakimiyyətə ikinci qayıdışı Türkiyədə də rəğbətlə qarşılandı və inam doğurdu. 1994-cü ilin 9 fevralında Böyük Millət Məclisində Heydər Əliyev belə demişdi, sitat: ”Türkiyə Cümhuriyyətinin 70 illik tarixi indi müstəqil Azərbaycan Respublikası üçün örnəkdir, təcrübə məktəbidir”- sitatın sonu.
Lakin iki dövlətin “bir millət-bir mətbuat” idealı ilə çalışdığı qızıl dövr Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük savaşdır. Vətən müharibəsində təkcə hərbi deyil, diplomatik və informasiya səngərində bir nömrəli xüsusi təyinatlı kimi döyüşən rəhbərimiz informasiya resurslarını bayraktarların göylərdəki rolu qədər əvəzedilməz silaha çevirdi. Ölkə başçısının 34 müsahibəsi qardaş ölkənin fərqli ideoloji kursa malik mətbu orqanlarında birincilik qazandı, təkcə 85 milyonluq türk insanına deyil, ingilis, ərəb, fransız və digər aparıcı dillərdə bütün qitələrə yayıldı. İndi inamla demək olar ki, İlham Əliyevin müsahibələri şanlı milli və ümumtürk mətbuat tariximizin də parlaq səhifələridir.
Müharibənin ilk günündən Əliyev-Ərdoğan birliyi silahlı savaşın ağırlığını çiyinlərində daşıyan qələm ordumuza ruh verdi, mənəvi-siyasi qardaşlığın simvoluna çevrildi. Türkiyə mətbuatı Xilaskarlıq savaşımızı gündəmdə saxlamaqla bir gün də olsun digər mövzulara öncüllük vermədilər. Obrazlı desək, hər üç məkanda-coğrafi, mavi və kibervətəndə yalnız bir duyğu və nida vardı-Azərbaycan!
Ali Baş Komandanın tarixi missiyasını, 8 noyabr Zəfərini qazi Mustafa Kamalın Qurtuluş hərəkatı ilə eyni zirvədə qəbul edən mətbuat hər iki ölkənin informasiya məkanını birləşdirdilər. 2020-ci ilin 10 noyabr tarixinin Qələbə bayramı kimi rəsmiləşməsi qərarı böyük Atatürkün anım gününə düşdüyü üçün Zəfər təqviminə anındaca dəyişiklik edilməsi dövlət başçımızın türk və dünya liderinə rəğbətini, ehtiramını nümayiş etdirdi.
Beləliklə, dövləmizlə və Silahlı qüvvələrimizlə çiyin-çiyinə döyüşən mətbuat özü böyük bir ordu idi. Onu da xatırladaq ki, aqresiv Ermənistan mediası son 100 ildə mifik ideyaların, bədnam proqramların və irqi, dini, milli nifrət təbliğatının bir nömrəli yayıcısı, daşıyıcısı olub. Ona görə də hərbi meydandakı kimi informasiya səngərində də məğlub olduqlarını öz xalqından gizlədən İrəvan hakimiyyəti 44 gün ərzində total senzura tətbiq edərək məlumat vakuumu yaratdılar, 1-ci Qarabağ savaşındakı kimi təxribat və dezininformasiyalarla ictimai fikri parçalamağa çalışırdılar. Müharibədə ən böyük qurban həqiqət olur, deyirlər. İrəvanda cəbhə xəbərlərini qorxu və panika dumanında elə itirmişdilər ki, hələ də çoxları 26 sentyabr beyni ilə yaşayır. Yalana söykənən erməni mediası və onlara dəstək verənlər məğlub oldular. Belə demək olarsa, informasiya məkanımız da işğaldan azad olundu.
Televiziya ekranlarımız müharibə meydanı qədər böyüdü, 100 illər sonra da möhtəşəm səhnələrin hard diski oldu.
Prezident İlham Əliyevin təkcə silahlı deyil, həm də informasiya müharibəsində qələbəsi 90-cı illərdə xalqımızın ehtiyac duyduğu liderliyin müstəsnalığını göstərdi, qələm və klaviatura ordusunun əzmini və bacarığını qat-qat artırdı. Milli mediamız Vətən müharibəsində ordumuzun qələbəsini informasiya cəbhəsində layiqincə tamamladı.
Qaynar döyüş meydanlarından reportajlar verən, əsgərlərimizlə çiyin-çiiynə dayanan, azərbaycanlı həmkarları ilə müharibə epopeyasını yaradan Türkiyənin “A Haber”, NTV, CNN-Türk, “TRT Haber” televiziyalarının təmsilçiləri prezidentimizlə görüşdə jurnalistikadan çox qalibiyyət və birlik ruhunu nümayiş etdirirdilər. “Azərbaycan qələbə çalacaq” və “can Azərbaycanın yanındayız” manşetləri bütün türk mediasında birincilik təşkil edirdi.
Əvəzində özünü prokuror kimi aparan və müstəqil adlanan bir çox Qərb mediası savaşın hansı cinahında yer aldığını həm onda, həm də indi açıq göstərdilər. Üstündən 5 il keçəndən sonra ABŞ-da hakimiyyətin dəyişməsi ilə həm də Azərbaycana qarşı hücumlara rəhbərlik edən mütəşəkkil qrup: dövlət-media-qeyri-hökumət təşkilatları üçlüyü ifşa olunur. Prezidentin haqlı olaraq, “yalançı dördlük” adlandırdığı və Qələbəmizə yol verməməyə, mümkün olmadıqda onu gözdən salmağa çalışan “The Washington Post”, “The New York Times” və digər şər qəzetlərindən hesab sorulur. USAİD, OCCRP və onlarla klon təşkilatlara tribuna verən fake news şəbəkələrinin korrupsiya layihələri olduğu üzə çıxır. Münhen Təhlükəsizlik konfransında vitse-prezident Ceyms Vens haqlı olaraq, Avropa təhlükəsizliyinə ən böyük zərbəni demokratiyanı işğal silahına çevirən liderlərin vurduğunu onların üzünə dedi.
Azərbaycan və Türkiyə televiziyası, radiosu, çap/virtual resursları isə qlobal layları tərpədən Qarabağ döyüşündə uzun on illər demokratiya ilə pərdələnib işğalçılığı müdafiə edənlərin deyil, haqqı tapdalanan milyonlarla insanın səsi oldular. Qələbə müjdələri bəzən birinci olaraq, qardaş ölkənin media tribunasından verildi. Ali Baş Komandan Şuşa planını ilk olaraq, türk mediası üzərindən açdı. Ağır və kədərli günlərdə-Gəncəyə, Bərdəyə raket zərbələri vurulanda da insanlarımızla, o cümlədən, qəhrəman Azərbaycan mediası ilə birlikdə dayanan qardaş ölkənin kameralı döyüşçüləri oldular.
İndi inamla demək olar ki, son bir əsr yarımda Qələbəmizə həsr olunan, qəhrəmanlıqlardan bəhs edən salnamələr vahid türk mediasında heç vaxt indiki qədər olmayıb.
44 müqəddəs gün bütün türk, islam və ədalət istəyən dünya insanı üçün qürur doğuran, unudulmaz səhifələrdir və biz özümüzə borc bilirik ki, bütün türk mediasına göstərdikləri cəfakeşliyə görə bir daha ehtiramımızı bildirək, Azərbaycan prezidentinin yüksək sayğı və etimadının, xalqımızın tükənməz sevgisinin ən böyük mükafat olduğunu qeyd edək!
"Həmrəyliyinə və dəstəyinə görə Türkiyə dövlətinə-xalqına minnətdarıq" deyən İlham Əliyev müqəddəs Şuşa zirvəsində hər kəsin haqq etdiyi dəyəri verdi. Ona görə də 10 dekabrda-Qələbə paradımızın dünyaya yayıldığı günlərdə “bir millət-bir mətbuat” gerçəkliyini rəsmiləşdirən Media Platformasının məhək daşları əslində Suqovuşanda, Füzulidə, Laçında qoyulmuşdu. Mətbuatın Şuşa Zirvəsi 44 günlük savaşdan doğuldu. Türkiyədə zəlzələ və meşə yanğınları zamanı dövlətimiz kimi təbii fəlakət səngərinə özünü birinci çatdıran da Azərbaycan mediası idi.
Beləliklə, “Azərbaycan Respublikası ilə Türkiyə respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu dövlət rəhbərlərinin iştirakı ilə prezidentin köməkçisi Hikmət Hacıyev və İlətişim başkanı Fahrettin Altun tərəfindən imzalandı. Sənəd iki ölkənin döyüş meydanlarından qalibiyyətlə çıxan mediamızı vahid platformada birləşdirən məram və əqidə ortaqlığı, gələcək zəfərlərin təməl birliyi idi. Birgə Media Platforması silahlı qüvvələrimizin informasiya məkanında xüsusi təyinatlı missiyası, davamı, yaxud eynisidir. Vahid Media İttifaqı hərbi-siyasi müttəfiqliyimizi gücləndirən hadisədir. Ordular arasındakı ittifaq nə qədər önəmlidirsə, informasiya müharibəsini aparmağa qadir olan Media Güclərinin də bir araya gəlməsi bir o qədər əhəmiyyətlidir.
Razılaşmada dezinformasiyaya qarşı birgə mübarizə Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşını aparan qüvvələrin eyni olmasından irəli gəlir. Bəli, bizim informasiya düşmənlərimiz də eynidir. Onlara yalnız birlikdə qalib gəlmək mümkündür.
Azərbaycan və Türkiyə mediası son 5 ildə minlərlə ortaq layihələrə müəlliflik ediblər, ekspert, alim və ziyalıların diliylə vahid ictimai fikir formalaşdırıblar. Əlbəttə, Azərbaycan və Türkiyə arasındakı mənəvi-siyasi bağların qırılmasına cəhdlər də media məkanında baş verib. Lakin Şuşa hərbi ittifaq anlaşması bir millət mediası üçün də konstutsion sənəddir.
Onu da xatırladaq ki, ortaq Media Platformasının əhatə dairəsi Kütləvi İnformasiya Vasitələrinin çərçivəsini aşır, dünyada daha böyük auditoriyaya malik “yumşaq güc” siyasətinə xidmət edən kino sahəsinə də aid edilir. Anlaşmanın 2-ci maddəsində hərbi-sənaye kompleksləri qədər önəm daşıyan bədii əsərlərin birgə yaradılmasından bəhs olunur. Azərbaycan tamaşaçısının 80 faizindən yuxarı hissəsi xarici filmlərlə üz-üzə qaldığını, ideoloji və mənəvi baxımdan bunun hansı təsirlərinin olduğunu hər kəs bilir. Lakin “Möhtəşəm Yüz il”, “Diriliş Ərtoğrul”, Quruluş Osman və digər parlaq əsərlərin milli televiziyalarımızda nümayişi ekranda birləşməkdir, qalibiyyət tarixini paylaşmaqdır, onu gələcəyə daşımaqdır. Ümidvarıq ki, “Böyük Qayıdış” siyasətinə türk şirkətləri cəlb olunduğu kimi, Qarabağ salnaməmiz, Ordumuzun Şuşa Zəfəri də Türkiyə ilə birgə çəkiləcək filmlərdə bədii ifadəsini tapacaqdır. Şəhid oğullarımızın igidliyini filmlərə daşımaq, onu dünyaya çıxarmaq bizim mədəni məqsədlərimizin önündə getməlidir.
İnanırıq ki, azərbaycanlı jurnalistlərini Türkiyə media quruluşlarının rəhbərləri, aparıcı status və proqram siyasətinin müəllifləri kimi görəcəyik. Bunun üçün heç bir dil, təhsil və inzibati baryer yoxdur. Minlərlə tələbəmizin gələcək karyeralarını türk mediasında quracaqlarına inanırıq. Eləcə də əksinə, türklər Azərbaycanda. Qlobal təhlükələrin artdığı və yeni dünya bölücülüyünün gücləndiyi dövrdə Türk Dövlətləri Təşkilatını regional və beynəlxalq gücə çevirmək də Türk Media Birliyinin strateji hədəflərini təşkil edir. Fərq etməz, şimaldan, cənubdan, yaxud Qərbdən, bütün qütblərdən gələn təhlükələri dəf edən mediamız Vətənin keşiyindədir!
Azərbaycanın Qarabağda Qələbəsi qlobal geosiyasi nəticələrinə görə türk dövlətlərinin beynəlxalq siyasi çəkisini artırdı, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə Türkiyənin mövqelərini möhkəmləndirdi və Suriya rejiminin çökməsində də mühüm amillərdən birinə çevrildi. Göründüyü kimi, “bir milət-bir media” formulu daha böyük coğrafiyalarda hələ çox mühüm missiyalarda olacaqdır.
Çıxışıma yekun vurarkən, bir daha vurğulayaq ki, mediamızın son 30 ili işğala qarşı mübarizələrə həsr olunmuşdu. İndi məğlubiyyət keçmişi tarixə qovuşur, yeni təqvim, qalib siyasi və mənəvi kimlik yaranır. Dağlıq Qarabağ termini siyasi leksikondan çıxır, əvəzində Zəngəzur və daha böyük strateji hədəflər dövlətimizin, millətimizin və mediamızın müqəddəs məramına çevrilir.
Qələbə Platformasında birləşmək möhtəşəmdir!
Müharibəni işıqlandırmağa gedənlər, özləri işıqlanıb geri döndülər!
Mediamızın bayraktları vətənimizi qoruyur!
2020-ci ildən başlayan qalib Yüz İlimiz mübarək olsun!