Vətən müharibəsində xalqımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx, qırılmaz tellərlə birləşərək dünyanı heyrətə salan tarixi Zəfərə imza atdı-KAMİLƏ ƏLİYEVA
Vətən müharibəsində xalqımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx, qırılmaz tellərlə birləşərək dünyanı heyrətə salan tarixi Zəfərə imza atdı. 30 il erməni işğalında qalan torpaqlarımızı işğaldan azad etdik. İşğal dövründə erməni vandalları şəhərlərimizi, kəndlərimizi viran qoymuş, daş üstə daş qalmamışdı.
Müharibədən dərhal sonra Prezident cənab İlham Əliyevin başçılığı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda sürətli yenidənqurma işlərinə start verildi. Yenidənqurma işləri pərakəndə halda deyil, ölkə başçımız tərəfindən təsdiqlənmiş Baş Plan əsasında həyata keçirilir. Artıq "Böyük Qayıdış" konsepsiyasına əsasən keçmiş məcburi köçkünlərimiz öz doğma evlərinə qayıdırlar. Burada soydaşlarımızın yaşamaları üçün ən müasir evlər, binalar tikilib, sosial infrastruktur, məktəblər, xəstəxanalar inşa edilir. Əhalimizin məşğulluq məsələləri yüksək səviyyədə təmin edilmişdir. Yeni müəssisələr, sənaye parkları yaradılır. Xankəndi şəhərindəki fabrikdə istehsal olunan malların da xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda bütün sosial obyektlərin, xəstəxanaların, məktəblərin, yaşayış evlərinin təməlqoyma və açılış mərasimlərində Prezident cənab İlham Əliyev şəxsən özü iştirak edir.
Fevralın 18 və 19- da Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva növbəti dəfə Ağdam və Xankəndi şəhərlərinə səfər etdilər və burada bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər.
Prezident cənab İlham Əliyevin Xocalı rayonunun Ballıca kəndində öz doğma evlərinə qayıdan soydaşlarımızla görüşməsi və onlarla səmimi söhbət etməsi ölkə başçımızın öz xalqına olan sevgisinin nümunəsi idi. Cənab İlham Əliyevin böyüklüyü ondadır ki, ölkə rəhbəri kimi hər bir sadə vətəndaşa əlçatandır. Prezidentimizin xalqla bir arada olması, onlarla bir süfrədə çay içməsi vətəndaşlarımızın öz liderinə inamını artırır və işğaldan azad edilmiş torpaqlarda qurub yaratmaq eşqini daha da yüksəldir. Azərbaycan xalqı öz torpağına, yurduna bağlı olan bir xalqdır. Məhz xalqımızın bu xüsusiyyəti, eləcə də qurub yaradan bir xalq olması, ölkə başçımızın müdrikliyi, qətiyyətli siyasi iradəsi sayəsində Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl diyarlarını belə geridə qoyacaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor