azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Pakistan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə baxış TƏHLİL

22-02-2025

Azərbaycan-Pakistan strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə baxış TƏHLİL


Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.

Azturkxeber.az dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin tarixinə və müasir dövrdə inkişafına qısa nəzər salır.

  Siyasi və diplomatik münasibətlərin inkişafı

Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə, ölkəmizin müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib. Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib.

Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.

Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.

Ötən il Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib.

Ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə etdi. Azərbaycanın D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb.

Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.

Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.

Bununla yanaşı, Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir.

İqtisadi-ticari əlaqələr

Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəkməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır.

İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər.

Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır.

Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Bundan əlavə, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.

Hərbi və müdafiə sahəsində əməkdaşlıq

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.

Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.

Prezident İlham Əliyevin ötən il iyulun 12-də İslamabadda Pakistanın "Milli Aerokosmik Elm və Texnologiya Parkı"ndakı hərbi sərgi ilə tanışlığı iki ölkə arasında hərbi və texnoloji sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm bir addım olub.

Bu əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında hərbi sahədə strateji əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Mədəni və humanitar münasibətlər

Azərbaycan və Pakistan xalqları arasında dərin tarixi, mədəni bağlar da mövcuddur. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı duyduğu dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Pakistan xalqı Azərbaycana daim xüsusi hörmət və məhəbbətlə yanaşır, bu isə mədəni-humanitar sahədə əməkdaşlığın daha da inkişafına şərait yaradır.

Son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.

İki ölkə arasında mədəni tədbirlər, sərgilər və festival proqramları da mütəmadi olaraq təşkil edilir. Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir. Bakıda və İslamabadda təşkil olunan Pakistan və Azərbaycan mədəniyyət günləri, kino həftələri və incəsənət sərgiləri xalqların bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır.

Bundan əlavə, humanitar sahədə də iki ölkə arasında qardaşlıq münasibətləri özünü göstərir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə indiyədək 9 milyon ABŞ dollarından çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib və məktəb 2012-ci ildə əsaslı təmir edilib. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb.

Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.

Bu sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib. 2019-cu ilin aprelində Heydər Əliyev Fondu Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Həmin ilin mayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb. 2021-ci ilin iyununda Pakistanın Xeybər Paxtunxva əyalətinin mərkəzi Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adlı verilib. Həmin ilin iyul ayında isə Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. 2023-cü ilin dekabrında Pakistanın Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev adına auditoriya açılıb.

Bu faktlar iki ölkə arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu cür qarşılıqlı yardımlar iki dövlət arasında münasibətlərin təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar sahədə dərin köklərə sahib olduğunu göstərir.

Eyni zamanda, Azərbaycan və Pakistan arasında turizmin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə pakistanlı turistlərin Azərbaycana axını artıb və iki ölkə arasında viza rejiminin sadələşdirilməsi bu sahədəki əlaqələri daha da gücləndirib. Bakı, Qəbələ, Şəki və digər bölgələrə səfər edən pakistanlı turistlər Azərbaycan mədəniyyətini yaxından tanımaq imkanı əldə edirlər.

Mədəni və humanitar əməkdaşlıq xalqlarımız arasında mövcud olan tarixi və dostluq bağlarını daha da möhkəmləndirir. Azərbaycan və Pakistan arasında gələcəkdə mədəniyyət, təhsil və humanitar sahələrdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi gözlənilir. Bu, iki xalq arasında qardaşlıq münasibətlərini daha da gücləndirəcək və yeni əməkdaşlıq perspektivləri yaradacaq.

Perspektivlər və strateji hədəflər

Yuxarıda qeyd etdiyimiz bütün amillər deməyə əsas verir ki, Azərbaycan-Pakistan münasibətləri gələcəkdə daha da inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaranacaq. İki ölkə arasında iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir.

İqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılması üçün müvafiq addımlar atılacaq. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Mədəniyyət və təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələr artacaq.

Bu addımlar isə öz növbəsində hər iki ölkənin strateji əhəmiyyətini artıracaq, regionda və dünyada sabitliyə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728