FHN və UNICEF arasındakı əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, K.Heydərov çıxışında dövlətimizin uşaqların təhlükəsizliyinin təmin edilməsi, onların müdafiəsi, təhlükəsiz mühitdə yaşaması və böyüməsi məsələlərinə hər zaman xüsusi diqqət yetirdiyinə və bu sahədə mühüm addımların atıldığına diqqət çəkib.
Bu çərçivədə, FHN-in ölkəmizdə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, əhalinin, xüsusilə də həssas qrupların, o cümlədən uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti barədə danışan nazir göstərilən sahədə aidiyyəti beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edildiyini vurğulayıb. Bu xüsusda, nazirliklə UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında sıx əlaqələrin formalaşdığını, ötən illər ərzində bir sıra birgə layihələrin müvəffəqiyyətlə reallaşdırıldığını xatırladıb.
Nazir uşaq təhlükəsizliyi sahəsində FHN-in gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verib, bu sahədə UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah çıxışında ötən ilin noyabr ayında qlobal əhəmiyyətli tədbir olan COP29-un ölkəmizdə uğurla keçirildiyini bildirib.
Saca Faruq Abdullah rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə uşaq təhlükəsizliyi sahəsində FHN ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.