azturkxeber.az
http://azturkxeber.az

Kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə təkrar müraciət edib

21-02-2025

Kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə təkrar müraciət edib


Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanan qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına uyğun istifadə edilməlidir.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edilib.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

“Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!” - deyə nazirliyin əhaliyə çağırışında bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728