Ciorcia Meloni: İtaliya Yaxın Şərqdə ədalətli və davamlı sülhün tərəfdarıdır
İtaliya Yaxın Şərq regionunda ədalətli və davamlı sülhə doğru siyasi üfüqün yaradılmasını zəruri görür.
İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni bu fikirləri Romada səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşdə səsləndirib.
Ciorcia Meloni Qəzzada bəzi girovların azad edilməsinə imkan verən atəşkəs razılaşmasının saxlanmasının vacibliyini vurğulayıb. O, İtaliyanın “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə bölgəyə göndərdiyi humanitar yardımı əhəmiyyətli dərəcədə artırdığını deyib, həmçinin ölkəsinin Qəzzanın sabitləşdirilməsi və yenidən qurulmasında iştiraka sadiqliyini bildirib.
Görüşdə enerji, elm və texnologiya, eləcə də digər sektorlarda ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.
İtaliya Prezidenti Sercio Mattarella da israilli həmkarı İsxak Hersoqla görüşüb. Sercio Mattarella İtaliya ilə İsrail rəsmilərinin qarşılıqlı səfərlərinin intensivliyinin iki ölkə arasında mövcud olan əla münasibətləri və dostluğu nümayiş etdirdiyini bildirib.
İsxak Hersoq isə İtaliyanın Yaxın Şərq və eləcə də Avropa üçün aktual olan bir çox prosesdə iştirakının mühüm əhəmiyyət daşıdığını qeyd edib.