azturkxeber.az
http://azturkxeber.az

Bakıda keçirilən Asiya Parlament Assambleyasının  15-ci Plenar Sessiyası başa çatıb

20-02-2025

 

Fevralın 20-də Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu”  mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının bağlanış mərasimi keçirilib.

Bu barədə AzTurkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Milli Məclisin APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev tədbiri açaraq sessiya ərzində görülən işlərdən bəhs edib. O, 15-ci plenar sessiya çərçivəsində qurumun Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma, İqtisadiyyat və davamlı inkişaf, Siyasi məsələlər üzrə daimi komitələrinin iclaslarının keçirildiyini söyləyib. Qeyd edilib ki, komitələrin gündəliklərinə daxil edilən  məsələlər, o cümlədən müvafiq qətnamə layihələri, yekun hesabatlar nəzərdən keçirilib.
Sonra Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının İcraedici Şurasında baxılan məsələlər barədə məlumat verib. O, bildirib ki, 2025-ci il üçün Rusiya Federasiyasının namizədliyi APA-nın vitse-prezidenti və Sosial və mədəni məsələlər üzrə daimi komitənin sədri, Qətər Dövlətinin namizədliyi APA-nın vitse-prezidenti və  Büdcə və planlaşdırma üzrə daimi komitənin sədri, Bəhreyn Krallığının namizədliyi APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri, İran İslam Respublikasının namizədliyi APA-nın vitse-prezident və Siyasi məsələlər üzrə daimi komitənin sədri kimi təqdim edilib. Tədbir iştirakçıları irəli sürülən namizədlikləri dəstəkləyiblər.
Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edərək, Azərbaycan Respublikasına APA-ya sədrlik etdiyi dövrdə yüksək səviyyədə  təşkilatçılığa görə təşəkkürünü ifadə edib.
Növbəti məsələyə dair məlumatında Rizvan Nəbiyev bildirib ki, əldə edilmiş razılığa əsasən, Bəhreyn Krallığı 2026-cı il üçün, İran İslam Respublikası isə 2027-2028-ci illərdə APA-nın sədrliyini öz üzərinə götürür. Bununla yanaşı, İran İslam Respublikası 2026-cı ildə APA-nın vitse-prezidenti və İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitənin sədri vəzifələrini icra edəcək. Bu məsələlərlə bağlı qərar da təsdiq edilib.
Tədbirdə Bəhreyn Krallığının və İran İslam Respublikasının nümayəndələri çıxış edərək, bu ölkələrin namizədliklərinə verilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər,  APA-nın Asiya dövlətlərini birləşdirən qurum kimi regionda davamlı inkişafa, əməkdaşlığın möhkəmlənməsinə, sülhə,  sabitliyə verdiyi töhfələrin əhəmiyyətini qeyd ediblər, Azərbaycanın sədrliyi dövründə APA-nın fəaliyyətində əldə edilən nailiyyətləri təqdir ediblər.
Sonra APA-nın Nizamnaməsinə və Reqlamentinə qurumun İcraedici Şurasının tövsiyə etdiyi dəyişikliklər nəzərdən keçirilib və təsdiq olunub.
Yekunda Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi  Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyasının uğurla keçdiyini, vacib qərarların qəbul edildiyini və bunun qurumun prinsiplərinə uyğun olduğunu söyləyib. O, Bakıdakı tədbirdə iştirak edən bütün nümayəndə heyətlərinə göstərdikləri fəallığa görə təşəkkür edib. Baş katib, həmçinin, parlamentlərdə təmsil olunan gənc nəslin nümayəndələrinin fəaliyyətini, onların ümumi işə verdiyi töhfələri yüksək dəyərləndirib.
Mohammad Reza Majidi Milli Məclisin spikeri Sahibə Qafarovaya APA-nın 15-ci plenar sessiyasının yüksək səviyyədə təşkilinə və səmərəli müzakirələrə görə bir daha öz minnətdarlığını bildirib. 
Sonra Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsinin və müxtəlif mövzularda 29 qətnamənin qəbul edildiyini diqqətə çatdırıb. O, nümayəndə heyətlərinə APA-nın plenar sessiyasının və daimi komitələrinin işində aktiv fəaliyyətlərinə görə təşəkkür edib. APA-nın bundan sonra da əməkdaşlığın gücləndirilməsi və birgə məqsədlər naminə mühüm platforma rolunu oynayacağı ilə bağlı əminlik ifadə olunub.
Asiya Parlament Assambleyasının Azərbaycanın evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyası bağlı elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728