Olaf Şolts və Fridrix Merts seçkiqabağı sonuncu teledebatda üz-üzə gəliblər
Almaniyada fevralın 23-də keçiriləcək federal seçkilərdən əvvəl təşkil olunan sonuncu teledebatda hazırkı Kansler, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts üz-üzə gəliblər.
“Bild” və “Welt” tərəfindən birbaşa yayımlanan bir saatlıq teledebatda ən çox müzakirə edilən mövzular sosial müavinətlər və vergi siyasəti olub. Hər iki namizəd uzun müddət işsiz olan şəxslərin dövlət yardımı ilə yaşamasını sərt tənqid edib. Olaf Şolts sosial yardımın şərtsiz gəlir olmadığını, bundan sui-istifadə edənlərə qarşı sanksiyaların tətbiqinin tərəfdarı olduğunu deyib. Fridrix Merts isə vətəndaşlıq yardımı (“Bürgergeld”) anlayışı yerinə “əsas təminat” terminindən istifadə olunmasının zəruriliyini ifadə edib.
Digər əsas mövzuda – vergi siyasəti məsələsində namizədlər arasında ciddi fikir ayrılığı müşahidə olunub. Olaf Şolts investisiyaların stimullaşdırılması üçün şirkətlərə vergi güzəştlərinin təklif olunacağını bildirib. Fridrix Merts isə Almaniyada şirkətlərin vergi yükünün yüksək olduğunu və bunun azaldılmasının vacibliyini vurğulayıb.
Miqrasiya siyasəti də əsas mövzular arasında qalmaqda davam edib. Birliyin namizədi əsas diqqəti Almaniyada təhlükəli hesab edilən şəxslərin deportasiyasına yönəldilməli olduğunu qeyd edərək, təhlükəli şəxslərin ölkədən çıxarılmasının prioritet təşkil etdiyini bildirib. Fridrix Merts 500 təhlükəli şəxsin ölkədə sərbəst gəzdiyini vurğulayaraq, 40 min nəfərin dərhal geri göndərilməli olduğunu deyib.
Teledebatda namizədlər şəxsi həyatlarından da bəhs etsələr də, bir sıra mühüm məsələlərə, o cümlədən iqlim dəyişikliyi, xarici siyasət, ABŞ-ın yeni administrasiyasının addımları, eləcə də Ukrayna müharibəsi mövzularına toxunmayıblar.