Xəzər İsayev: Prezident İlham Əliyev ölkəmizdə Olimpiya hərəkatına rəhbərlik etdikdən sonra idmanda böyük uğurlar qazanılıb
“Azərbaycanda idmanın inkişafı, bu sahədə infrastrukturun qurulması, idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Bu sözləri açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Azərbaycan Prezidenti İlham Əliyevin yenidən MOK-un rəhbəri seçilməsi barədə danışarkən deyib.
Prezident İlham Əliyevin 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini xatırladan X.İsayev dövlətimizin başçısının həmişə Azərbaycan idmançılarına diqqət və qayğı göstərdiyini bildirib: “Bizim üçün başqa alternativ ola bilməzdi. O, ölkəmizdə Olimpiya hərəkatına başçılıq etdikdən sonra idmanda böyük uğurlar qazanılıb. Azərbaycan idman ictimaiyyəti buna görə özünü xoşbəxt hiss edir. Sevinirik ki, ölkə başçısı yenidən MOK-un prezidenti seçildi. Nüfuzlu turnirlərdə idmançılarımızın qazandığı böyük nailiyyətlər, ölkəmizdə mötəbər yarışların təşkili Prezident İlham Əliyevin idman sahəsində yürütdüyü uğurlu siyasətin nəticəsidir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bütün milli idman federasiyalarında kütləviliyin təmin olunması hər zaman qarşımıza məqsəd kimi qoyulub. İstənilən idman cəmiyyəti və qurumları öncə Azərbaycan gənclərinə sağlam həyat tərzini təşviq edir, onların idmanla yaşaması və böyüməsi üçün addımlar atır”.
O, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və keçmiş voleybolçu Alla Həsənovanın MOK-un İcraiyyə Komitəsinə (İK) üzv seçilməsinə də toxunub: “Düşünürəm ki, onların komitədə olması çox düzgün qərardır. Digər tərəfdən, bu qərar MOK-un gender məsələsinə önəm verdiyinin göstəricisidir. İnanıram ki, veteran idmançılarımızın MOK-da görəcəyi işlər Azərbaycanın həm cüdoda, həm də voleybolda inkişafına təkan verəcək”.
MOK rəsmisi karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rafael Ağayevlə sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, 3 qat dünya, 4 qat Avropa çempionu Hacı Əliyevi Milli Olimpiya Hərəkatının yeni üzvləri seçilmələri münasibətilə təbrik edib: “Çox xoşdur ki, artıq onlar da bizim sıralarımızda yer alacaq, bundan sonra bütün fəaliyyətlərimizdə yaxından iştirak edəcəklər”.