ADU tələbələri ilk dəfə olaraq xaricdə təcrübə keçəcəklər
Azərbaycan Dillər Universitetində (ADU) 2024-2025-ci tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.
Universitetdən bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdulla tələbələrin bu il ilk dəfə olaraq pedaqoji və istehsalat təcrübəsini xarici ölkələrdə keçmək fürsətini əldə edəcəklərini söyləyib. Bildirib ki, bu il tələbələr ilk dəfə olaraq Türkiyədə, Belarusda təcrübə keçmək imkanına sahib olacaqlar. Rektor pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrin uğurlu nəticələr əldə edəcəklərinə inamını vurğulayıb.
“Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübəni Azərbaycanın bütün regionlarında həyata keçirməklə, yeni bir uğura imza atmış oluruq. Pedaqoji və istehsalat təcrübəsi tələbələrimiz üçün çox önəmli bir təhsil fəaliyyətidir. Burada müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, universitetimiz öz peşəkar müəllimləri və pedaqoji heyəti ilə bu işin öhdəsindən uğurla gələcək”, - deyə rektor qeyd edib.
ADU-nun tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova pedaqoji və istehsalat təcrübəsinə yollanacaq tələbələrlə bağlı məlumat verib. Qeyd olunub ki, bu il pedaqoji təcrübə Azərbaycanın bütün regionlarında təşkil olunacaq.
Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov pedaqoji və istehsalat təcrübəsinə dair məruzə ilə çıxış edib. Bu il 1672 tələbə pedaqoji və istehsalat təcrübəsinə yollanacaq. Hər il olduğu kimi bu il də pedaqoji təcrübəyə yollanan tələbələrə xüsusi diqqət və qayğı göstərilir.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova tələbələrin xaricdə təcrübə keçmələrini yüksək qiymətləndirib. ADU bu il ilk dəfə olaraq tələbələrini xarici ölkələrdə təcrübə keçmələri üçün şərait yaratmaqla, yeni elmi inkişafa təkan vermiş olub.
Konfrans tələbələrin və müəllimlərin çıxışları ilə davam edib.