“Cyber Summer School 2026” iştirakçıları stolüstü tennis turnirində qüvvələrini sınayıblar
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevirdə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində iştirakçılar üçün stolüstü tennis turniri təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, AKTA, Mingəçevir Dövlət Universiteti və Gənclər və İdman Nazirliyinin Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması olub.
Turnir zamanı iştirakçılar yüksək oyun intizamı, çeviklik və diqqət tələb edən maraqlı qarşılaşmalarda qüvvələrini sınayıblar. Yarış, eyni zamanda, düşərgə iştirakçıları arasında ünsiyyətin möhkəmlənməsinə, dostluq münasibətlərinin inkişafına və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verib.
Turnirin yekununda fərqlənən iştirakçılar medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin proqramına kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki hazırlığını, komanda ruhunu və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlmiş idman və intellektual fəaliyyətlər də daxildir. Bu istiqamətdə keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafına və düşərgədə əməkdaşlıq mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:





