Bahar Muradova VII Qadın və Ədalət Zirvəsində çıxış edib






Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin İstanbul şəhərində keçirilən VII Beynəlxalq Qadın və Ədalət Zirvəsində iştirak edib.
Azturkxeber.az xəbər verir ki, 21 noyabr 2026-cı il tarixində Taksim Atatürk Mədəniyyət Mərkəzində keçirilən zirvə çərçivəsində “Qüsursuz obrazların fövqündə: qadınların gücləndirilməsi naminə qlobal əməkdaşlıq” mövzusunda Liderlər sessiyası təşkil olunub.
Qadın və Demokratiya Dərnəyinin (KADEM) Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi builki zirvə “Qurulmuş gözəlliklər” mövzusuna həsr edilib.
Sessiyada çıxış edən Bahar Muradova rəqəmsallaşma, sosial media, süni intellekt və istehlak mədəniyyətinin qadınların özünəinamına, psixoloji rifahına və özünüifadə imkanlarına təsirindən danışıb. O bildirib ki, xüsusilə qadınlara və gənc qızlara təlqin edilən süni “qüsursuzluq” standartları onların sağlamlığına və sərbəst özünüifadəsinə mənfi təsir göstərir.
Komitə sədri qeyd edib ki, qüsursuz görünmək naminə aqressiv estetik və kosmetoloji prosedurlara, nəzarətsiz tibbi müdaxilələrə və sertifikatsız vasitələrə müraciət edilməsi ciddi fiziki və psixoloji fəsadlara yol aça bilər. O, qadınların da bəzən bu standartların təbliğində iştirak etməsinin problemin daha da dərinləşməsinə səbəb olduğunu vurğulayıb.
Bahar Muradova qadın ləyaqətinin qorunması, sağlamlığın və rəqəmsal təhlükəsizliyin təmin edilməsi, zorakılıq və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Əsas vəzifəmiz qadını yalnız kənardan qiymətləndirilən bir obyekt kimi deyil, öz taleyini, peşəkar yolunu və cəmiyyətin gələcəyini formalaşdıran fəal subyekt kimi dəstəkləməkdir. Güclü qadın süni qəliblərə uyğunlaşan, sağlamlığını riskə atan deyil, öz intellekti, bilik və bacarıqları ilə dəyər yaradan qadındır”, – deyə Komitə sədri bildirib.
Çıxışında Azərbaycanda dövlət qadın siyasətinin əsas istiqamətlərinə də toxunan Bahar Muradova qeyd edib ki, bu siyasət insan kapitalının inkişafı, bərabər imkanların təmin edilməsi və qadınların ictimai-iqtisadi həyatın bütün sahələrində fəal iştirakının təşviqi prinsiplərinə əsaslanır. Qadın hüquqlarının müdafiəsi, məişət zorakılığına qarşı mübarizə, təhlükəsizliyin və sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
O, Hacı Zeynalabdin Tağıyevin və Hənifə Məlikova-Zərdabinin adını daşıyan təqaüd proqramlarının regionlarda yaşayan gənc qızların ali təhsil almasına, liderlik bacarıqlarının inkişafına və cəmiyyətə fəal inteqrasiyasına verdiyi dəstəyi xüsusi qeyd edib.
Komitə sədri, həmçinin qızların keyfiyyətli təhsilə, elmi biliklərə və tənqidi düşüncə imkanlarına çıxışının təmin edilməsinin süni sosial təzyiqlərdən qorunma baxımından mühüm rol oynadığını bildirib.
Rəqəmsal transformasiya və süni intellektin yaratdığı yeni çağırışlardan danışan Bahar Muradova rəqəmsal savadlılığın və sağlamlıq maarifləndirməsinin artırılmasının, qadınların innovasiya və sahibkarlıq ekosisteminə cəlb edilməsinin, uşaqların və gənclərin onlayn mühitdə zərərli təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.
KADEM-in fəaliyyətinə toxunan Komitə sədri təşkilatın qadınların və gənc qızların təhsilinə, qadın sahibkarlığının inkişafına, kooperativlərin gücləndirilməsinə, eləcə də həssas qruplardan olan qadınların sosial-psixoloji reabilitasiyasına yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirib. Bu istiqamətlərdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Bahar Muradova bildirib ki, süni gözəllik standartları, təhlükəli kosmetoloji müdaxilələrin yaratdığı fəsadlar, kibertəhlükəsizlik və ayrı-seçkilik kimi problemlərlə mübarizə dövlət qurumlarının, səhiyyə və tənzimləyici orqanların, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, akademik dairələrin və medianın birgə fəaliyyətini tələb edir.
O, birgə elmi tədqiqatların aparılması, gənc qadın tədqiqatçılar və təqaüdçülər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qadın və uşaq hüquqlarının, eləcə də sağlamlığının müdafiəsi üzrə ortaq mexanizmlərin hazırlanması istiqamətində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib.
Komitə sədri əminliyini ifadə edib ki, zirvədə aparılan müzakirələr və bölüşülən təcrübələr qadınların və qız uşaqlarının öz potensiallarını təhlükəsiz və sağlam mühitdə reallaşdıra biləcəyi daha ədalətli və inklüziv gələcəyin qurulmasına töhfə verəcək.
Qeyd edək ki, zirvədə qadınların gücləndirilməsi, hüquq və imkanlarının genişləndirilməsi, müasir çağırışlara qarşı birgə mübarizə və beynəlxalq əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları olub. Tədbirin ikinci günündə – noyabrın 22-də nazirlər və nümayəndə heyətlərinin iştirakı ilə mədəni proqramın keçirilməsi nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: