azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib

21-10-2025

Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və suverenlik ili” çərçivəsində “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 30 illiyi ilə əlaqədar “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Konfransın açılışında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirin əhəmiyyətinə diqqət çəkərək, BMT Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmasının 30 illiyinin beynəlxalq bir sənədin ildönümü deyil, həm də Azərbaycan dövlətinin qadınlara, ailəyə və insan amilinə verdiyi yüksək dəyərin bariz təzahürü olduğunu bildirib.

Fuad Nəcəfli qeyd edib ki, Azərbaycanda qadın siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.

Ölkəmizdə son illər gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması, onların sosial, iqtisadi və ictimai-siyasi həyatda fəal iştirakının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayan F.Nəcəfli bildirib ki, Cənab Prezidentin həyata keçirdiyi sosial-siyasi kurs nəticəsində Azərbaycan qadını milli inkişaf prosesinin fəal iştirakçısına çevrilib.

O, bu uğurların davamı kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin qadınların həyat səviyyəsinin yüksəldilməsinə, sosial rifahın təmininə və ailə institutunun möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında müvafiq sahədə həyata keçirilən tədbirlərdən bəhs edən Fuad Nəcəfli əlavə edib ki, Naxçıvanda ailə institutunun inkişafı, qadınların hüquqlarının müdafiəsi və cəmiyyətdə onların rolunun artırılması istiqamətində davamlı sosial-iqtisadi mexanizmlərin formalaşdırılması təmin edilir.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bu yubileyin, həm də müstəqil, ədalətli və bərabərlik prinsiplərinə əsaslanan Azərbaycan dövlətçiliyinin 30 illik inkişaf yoluna nəzər salmaq imkanı yaratdığını bildirib.

Komitə sədri qeyd edib ki, konfransın “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilməsi heç də təsadüfi deyil. Çünki qadın hüquqlarının qorunması, sosial ədalət və insan ləyaqətinin təmin edilməsi Azərbaycan Konstitusiyasının və dövlət suverenliyimizin təməl dəyərlərindəndir.

Bahar Muradova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadın və kişi bərabərliyi hüquqi norma kimi təsbit olundu və elə həmin il Azərbaycan CEDAW Konvensiyasına qoşularaq bu prinsipə sadiqliyini beynəlxalq səviyyədə təsdiqlədi.

Ulu Öndərin bu sahədə müəyyən etdiyi siyasətin reallaşdırılması prosesində fəal rol alan Azərbaycan qadını bu gün regionda ilk növbədə müasirlik, vətənpərvərlik və mənəvi dəyərlərin qoruyucusu kimi tanınır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasətin yeni, müasir mərhələyə - davamlı islahatlar və güclənmə dövrünə qədəm qoyduğunu diqqətə çatdıran B.Muradova qadınların dövlət idarəçiliyində, iqtisadiyyatda, təhsildə, elm və səhiyyə sahələrində daha çox söz sahibinə çevrildiyini qeyd edib: “Bu gün Milli Məclisdə, bələdiyyələrdə və məhkəmə sistemində qadın təmsilçiliyi durmadan artır. Bu, həm dövlətin uzaqgörən siyasətinin, həm də qadınlarımızın iradə və məsuliyyətinin nəticəsidir”.

Bu sahədə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərinə diqqət çəkən sədr əlavə edib ki, onun təşəbbüsləri ilə həyata keçirilən təhsil, səhiyyə, sosial müdafiə, mədəni irs və humanitar diplomatiya layihələri təkcə ölkəmizdə deyil, dünya miqyasında qadınların humanist liderlik simasını nümayiş etdirir.

"Onun bu səfərbəredici fəaliyyəti, zəkası, mərhəməti və yaradıcılığı isə hörmətli Mehriban xanımın özünü Azərbaycan qadınının parlaq simvoluna çevrilməsinə xidmət edir”.

Azərbaycanın CEDAW Komitəsinə üzv olduğu illər ərzində artıq 5 dövri hesabat təqdim edildiyini qeyd edən sədr, sonuncu hesabatın müsbət qiymətləndirildiyini, ölkəmizin sosial və hüquqi islahatları beynəlxalq səviyyədə nümunə kimi göstərildiyini diqqətə çatdırıb. Azərbaycanın bu prosesə formal öhdəlik kimi deyil, inkişaf və öyrənmə mexanizmi kimi baxdığını bildirən sədr, bunu ölkəmizin qadın siyasətinə sistemli, şəffaf və məsuliyyətli yanaşmasının göstəricisi olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikasının qadın siyasəti sahəsindəki uğurlarına toxunan Bahar Muradova burada qadınların ictimai fəallığı, bələdiyyələrdə və icra strukturlarında rəhbər vəzifələrdə iştirakı, sahibkarlıq təşəbbüslərinin artmasını böyük nailiyyət adlandırıb: “Bu, həm sosial sabitliyin, həm də dayanıqlı inkişafın təminatında qadınların artan rolunun göstəricisidir”.

Sədr çıxışının sonunda qeyd edib ki, əldə edilən nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müdrikliyi ilə inkişaf etdirilən, Mehriban xanım Əliyevanın humanist baxışları ilə zənginləşdirilən siyasətin bəhrəsidir. Bu siyasət Azərbaycan qadınını həm ölkə daxilində, həm regionda, həm də beynəlxalq səviyyədə sülhün, ədalətin və inkişafın simvoluna çevirmişdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT Konvensiyasının Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının tarixinə nəzər salıb. O, Ümummilli Llider Heydər Əliyevin qadınlara verdiyi yüksək dəyərdən bəhs edərək əlavə edib ki, Heydər Əliyev qadınların cəmiyyətdəki roluna xüsusi önəm verirdi və daim onların fəaliyyətini dəstəkləyirdi. Deputat həmçinin qeyd edib ki, məhz Ulu öndərin təşəbbüsü ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi, daha sonra fəaliyyət səlahiyyətləri daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq dəyişdirildi. O, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericilik sahəsində görülən işlərdən danışıb.

Qızların təhsildə inkişafından bəhs edən Hicran Hüseynova bildirib ki, son illərdə riyaziyyat, kimya, fizika kimi ən çətin ixtisaslarda qızların sayı daha da artıb. Süni intellektin sürətlə yayıldığı dünyada, əhalinin yarısını qadınların təşkil etdiyi bir cəmiyyətdə, əgər qadınlar dəyişikliklərə hazır olmasalar, həmin dövlətin gələcəyi də uğurlu ola bilməz. “Biz də qızlara yol göstərməliyik ki, onlar rəqabətə hazır olsunlar, imkanlardan istifadə edib inkişaf etsinlər. Azərbaycan qadınının gücü ondadır ki, nə qədər inkişaf etsə də, irəli getsə də, ailəni qorumağı bacarır” – deyə o vurğulayıb.

Daha sonra Prezident İlham Əliyevdən sitat gətirən millət vəkili qeyd edib ki, dövlət başçısı hər zaman ailə və təhsilin bizim üçün ən vacib istiqamətlər olduğunu vurğulayıb.

“Bizim ailəmiz türk ailəsidir. Bu ailə modeli çərçivəsində bu günə qədər adət-ənənələrimizi, mədəniyyətimizi və qadına hörməti qoruyub saxlamışıq” – deyə o əlavə edib.

O, qeyd edib ki, biz gələcəyimizi elə yetişdirməliyik ki, onlar bizim üçün vacib olan institutları qoruyub saxlasınlar. Çünki ailə nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının və Azərbaycanın BMT-nin qadın hüquqlarına dair Konvensiyasına qoşulmasının 30 illiyinin əlamətdar hadisə olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Konstitusiyanın və Konvensiyaya qoşulmanın qadın hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.

Ramilə Seyidova qadınların məşğulluğu, sahibkarlığı, təhsili və sosial rifahının artırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. O, qadınların özünüməşğulluğunun, maarifləndirmə işlərinin, erkən nikah və məişət zorakılığı ilə mübarizənin uğurla aparıldığını, həmçinin qadınların elm, təhsil və mədəniyyət sahələrində fəallığının artdığını vurğulayıb.

Sonra konfrans “Qadın hüquqlarının hüquqi təməl prinsipləri, bu gün və gələcəyə baxış: beynəlxalq və milli qanunvericilik kontekstində” və “İnsan hüquqlarında bərabərlik: Sosial və siyasi dəyişikliklər və gender ədaləti” mövzularında panel müzakirələrlə öz işini davam etdirib. Panel müzakirələrdə qadınların sosial statusu, gender bərabərliyini təmin edən mexanizmlər, bu sahədə atılan və atılacaq addımlarla bağlı maraqlı çıxışlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbir bədii hissə ilə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031