Avropa çempionatında yarımfinala yüksələn boksçularımızın sayı 10-a çatıb

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final döyüşləri başa çatıb. Azərbaycan millisinin yarımfinala yüksələn idmançılarının sayı 10-a yüksəlib.
Bu barədə Azturkxeber.az-a Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, Nuray Qafarova (50 kq) Nino Tirkia (Gürcüstan) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, finala gedən yolda Polina Ağacanyanla (Rusiya) üz-üzə gələcək.
Ələkbər Məmmədli (44 kq) Leonard Buhaniuçdan (Moldova) güclü olub – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü 1/2 finalda Rian Branaqanla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
Sənan Nəsibli (52 kq) David Popeskunu (Rumıniya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuz yarımfinalda Lazar Yovanoviçlə (Serbiya) döyüşəcək.
Sadiq Xəlilov (54 kq) Yaroslav Mikolauskasa (Rusiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27). Naxçıvan boksçunun yetirməsi final üçün Cey Şeridanla (Şotlandiya) gücünü yoxlayacaq.
Yusif Əli (57 kq) də növbəti dueldən qalib ayrılıb. O, Nikola İliçi (Monteneqro) 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Təmsilçimiz 1/2 finalda Kirilo Çumakovu (Ukrayna) sınağa çəkəcək.
Sunay Əzimov (60 kq) isə vaxtından əvvəl qələbə qazanıb. O, Daniel Sardarunu (Rumıniya) üçüncü raundda tam üstünlüklə məğlub edib. Əzimov yarımfinalda Solomon Duboislə (İngiltərə) qarşılaşacaq.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 10-a yüksəlib. Daha öncə Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Hüseyn Aydəmirli (90 kq) və Gülay Ocaqova (57 kq) da bu hüquqa yiyələnib. Millinin 10 idmançısının hər biri bu mərhələyə vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşlərinə bu gün start veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: