Azərbaycan Dəmir Yolları: 145 İllik İnkişaf Yolu
145 ilə qısa baxış
Azərbaycanda dəmir yollarının əsası 1880-ci ildə Bakı–Sabunçu–Suraxanı xəttinin açılışı ilə qoyulub və bu, ölkənin iqtisadi, sənaye və sosial inkişafında mühüm mərhələ olub. 1883-cü ildə Bakı–Tiflis xəttinin istifadəyə verilməsi Xəzər və Qara dənizləri birləşdirərək Azərbaycan neftinin beynəlxalq bazarlara çıxışını təmin edib. XX əsrin əvvəllərində Bakı–Dərbənd–Port Petrovsk (indiki Mahaçqala) xətti ölkəni Rusiya dəmir yolu şəbəkəsinə bağlayıb. 1926-cı ildə isə keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu Bakıda istifadəyə verilib.
1941–1945-ci illərdə, müharibə dövründə dəmir yolları strateji əhəmiyyət daşıyaraq ön cəbhəyə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqonun göndərilməsini təmin edib.
II Dünya müharibəsindən sonrakı illərdə yeni istiqamətlərə dəmiryol xətlərinin çəkilişi davam etdirilib.
1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Ağdam–Xankəndi dəmir yolu inşa olunub. Bu layihə Qarabağ bölgəsinin Bakı ilə nəqliyyat əlaqələrini möhkəmləndirərək sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verib.
Lakin Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240 km-dən artıq hissəsi, o cümlədən Culfa–Mincivan–Horadiz və Ağdam–Xankəndi xətləri dağıdılmışdı. Bu, ölkənin nəqliyyat infrastrukturuna və iqtisadiyyatına böyük zərbə vurmuşdu.
Müstəqillik dövründə, xüsusilə 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılmasından sonra modernləşmə mərhələsi başladı. Son illər ərzində infrastrukturun əsaslı təmiri, vaqon parkının yenilənməsi, Bakı–Tbilisi–Qars xəttinin, Abşeron dairəvi dəmir yolu və yeni ölkədaxili marşrutların istifadəyə verilməsi, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və s. dəmir yollarını yeni mərhələyə daşıdı.