“Heydər Əliyev məktəbi” layihəsinə start verilib







Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Azturkxeber.az-ın məlumatına görə, əvvəlcə rəsmilər və partiya fəalları Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Göygöl rayonu ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində keçirilən layihənin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Bayram Aslanov layihənin ilk gününün “Dövlət gənclər siyasəti” mövzusuna həsr olunduğunu bildirib. O qeyd edib ki, “Heydər Əliyev məktəbi”nin təşkilində əsas məqsəd partiya üzvlərinə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini və ideyalarını daha əhatəli şəkildə çatdırmaqdır. Bayram Aslanov vurğulayıb ki, Dağlıq Şirvan və Şəki-Zaqatala regionlarından olan gənclərin iştirak etdiyi layihə çərçivəsində onların sosial fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə dəyirmi masalar, maarifləndirici görüşlər, intellektual oyunlar, müxtəlif əyləncəli proqramlar və ekskursiyalar təşkil olunacaq.
Niyazi Bayramov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti nəticəsində ölkədə vətənpərvər, milli dəyərlərə bağlı və müasir düşüncəli gənc nəsil formalaşıb. O qeyd edib ki, Azərbaycan gəncləri bu gün həm müasir elmi biliklərə yiyələnir, həm də milli-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlayır. Niyazi Bayramov vurğulayıb ki, ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar onların peşəkar bilik və bacarıqlarını artırmalarına, beynəlxalq təcrübə qazanmalarına və müxtəlif sahələrdə uğurlar əldə etmələrinə şərait yaradır.
Digər çıxış edənlər rəsmilər də layihənin əhəmiyyətindən bəhs edərək, bu cür təşəbbüslərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, dövlətçilik ənənələrinin öyrənilməsinə və ictimai fəallıqlarının artırılmasına mühüm töhfə verdiyini bildiriblər.
Açılış mərasimindən sonra gənclər arasında komanda şəklində idman yarışları keçirilib, müxtəlif əyləncə proqramları təşkil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: