Baş Prokurorluq Vyanada, BMT-nin Baş Qərargahında beynəlxalq tədbir təşkil edib



Baş Prokurorluğun əməkdaşları BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədaləti üzrə Komissiyasının (CCPCJ) 35-ci sessiyasında iştirak edib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə Baş Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Orxan Şirinli təmsil edib.
Sessiya çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (bundan sonra – BMTNCİ) və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə 01 iyun 2026-cı il tarixdə BMT-nin Baş Qərargahında “Dürüstlüyün təmin edilməsi və ətraf mühitin qorunması: Şəhərsalma və tikinti sahəsində ekoloji cinayətlərə və korrupsiyaya qarşı mübarizə” adlı xüsusi sessiya təşkil edib. Tədbirdə açılış nitqi ilə çıxış edən BMTNCİ-nin Sərhəd İdarəetməsi Şöbəsinin rəhbəri Siri Bjune birgə tədbirin təşkili təşəbbüsünə görə Baş Prokurorluğa təşəkkür etmiş, ətraf mühit əleyhinə cinayətlər və korrupsiya ilə mübarizənin vacibliyini və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Natiq Eyvazov ekoloji cinayətlərin, korrupsiyanın və şəhərsalma sahəsində mövcud problemlərin bir-biri ilə sıx əlaqəli olduğunu vurğulamış, ətraf mühitin qorunması və qanunun aliliyinin təmin edilməsi məqsədilə kompleks hüquqi və institusional tədbirlərin həyata keçirilməsinin, habelə aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini prokurorluq orqanlarının istintaq təcrübəsində rast gəlinən ayrı-ayrı nümunələrlə diqqətə çatdırmışdır.
Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi Əhməd Əl-Zaruni tədbirdə çıxış etmiş, ölkəsində həyata keçirilən təşəbbüslər və bu sahədə əldə olunmuş təcrübə barədə məlumat vermişdir.
Tədbirdə BMTNCİ-nin, Beynəlxalq Antikorrupsiya Akademiyasının, Körfəz Əməkdaşlıq Şurasının, eləcə də xarici ölkələrin Baş Prokurorluqlarının və Vyanada beynəlxalq təşkilatlar yanındakı daimi nümayənəliklərinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 60-dan çox şəxs iştirak etmiş, tədbir sonda iştirakçıların spikerlərə ünvanladığı suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Bundan başqa, nümayəndələrimiz tərəfindən sessiya çərçivəsində 2 iyun 2026-cı il tarixdə BMT-nin Korrupsiya əleyhinə və Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı konvensiyaları ilə əlaqədar ölkəmizin götürdüyü öhdəliklərin icrası ilə bağlı görülmüş işlər barədə geniş məlumat verilmiş və əldə edilmiş uğurlar diqqətə çatdırılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: