Kəlbəcər: Zəfərdən dirçəlişə uzanan yol

25 Noyabr – Kəlbəcər Şəhəri Günü
Azərbaycanın ərazi bütövlüyünün bərpasının, milli iradənin və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin təcəssümüdür. Bu tarix Azərbaycanın hərbi-siyasi gücünün, diplomatik qətiyyətinin və tarixi ədalətin bərpası istiqamətində nümayiş etdirdiyi iradənin mühüm göstəricisini ifadə edir. Bu gün Kəlbəcər gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm mərkəzlərindən birinə çevrilir.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi, arxeoloji və mədəni irsi ilə xüsusi əhəmiyyət daşıyır. Toponimin mənşəyinin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi bildirilir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər və qədim türk əlifbası nümunələri bölgənin çoxəsrlik sivilizasiya tarixinin mühüm sübutlarıdır.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər təbii-coğrafi xüsusiyyətlərinə görə də strateji əhəmiyyət kəsb edir. Camışdağ massivində 3724 metrə çatan yüksəklik və 3616 metr hündürlüyündə Dəlidağ bölgənin mürəkkəb relyefini səciyyələndirən əsas coğrafi göstəricilərdir. Meşə ehtiyatları, mineral su mənbələri, çayları və zəngin təbii resursları Kəlbəcərin iqtisadi və ekoloji potensialını müəyyənləşdirən başlıca amillərdəndir.
Ərazisi 3054 kvadratkilometr təşkil edən Kəlbəcər 1930-cu ildə inzibati rayon statusu alıbdır. İşğaldan əvvəl rayonda bir şəhər, bir qəsəbə və 145 kənd mövcud idi. Bu göstəricilər Kəlbəcərin həm ərazi, həm də sosial-iqtisadi baxımdan Azərbaycanın mühüm rayonlarından biri olduğunu təsdiqləyir.
Kəlbəcərin müasir tarixində ən faciəli mərhələ 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə başladı. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təcavüz deyil, həm də bölgənin demoqrafik strukturuna, tarixi-mədəni irsinə və sosial-iqtisadi həyatına ağır zərbə idi.
İşğala qədər 53 478 nəfər əhalisi olan rayonun sakinləri doğma yurdlarını tərk etməyə məcbur qaldılar. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcər əhalisinin respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşması məcburi köçkünlük probleminin miqyasını və humanitar nəticələrini aydın şəkildə göstərirdi.
Beynəlxalq hüquq baxımından mühüm əhəmiyyət daşıyan BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnaməsində Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılması tələb edilirdi. Lakin bu tələb uzun illər yerinə yetirilmədi. Beynəlxalq ictimaiyyətin qətnamənin icrasını təmin etmək istiqamətində təsirli mexanizmlər tətbiq etməməsi beynəlxalq hüququn selektiv yanaşmalarla üzləşdiyini bir daha nümayiş etdirdi.
Bununla yanaşı, 1999-cu ildən etibarən Kəlbəcər ərazisində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn prinsiplərinə zidd addım idi.
2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı ərazilərin böyük hissəsi azad edildi, eyni zamanda Ermənistanın hərbi-siyasi imkanları ciddi şəkildə məhdudlaşdırıldı.
Kəlbəcər istiqaməti Vətən müharibəsinin hərbi-strateji baxımdan mühüm cəbhələrindən biri idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin bu istiqamətdə hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış, Basarkeçər-Kəlbəcər yolundan istifadəsini faktiki olaraq mümkünsüz etmişdi.
Bu hərbi üstünlük Kəlbəcərin coğrafi mövqeyinin əməliyyatların gedişində nə qədər mühüm rol oynadığını göstərirdi. Dağlıq relyef, yüksəkliklərə nəzarət və kommunikasiya xətlərinin strateji əhəmiyyəti Azərbaycan Ordusunun hərbi planlaşdırmasında mühüm amillərdən olmuşdur.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi rayonun azadlığı uğrunda mübarizə aparmış hərbi qulluqçuların xidmətlərinə verilən yüksək qiymətin ifadəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə 9455 hərbi qulluqçu bu medalla təltif edildi.
Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə ərazinin təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkilidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın postmünaqişə dövrü dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir.
2024-cü il mayın 1-də Nazirlər Kabinetinin qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Bu sənəd şəhərin uzunmüddətli sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirən əsas strateji planlaşdırma sənədidir.
Baş Plana uyğun olaraq, şəhərdə 4250 mənzilin inşası, ümumilikdə 488 min kvadratmetr yaşayış fondunun yaradılması nəzərdə tutulur. Təhsil və səhiyyə infrastrukturu çərçivəsində dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana və reabilitasiya mərkəzinin tikintisi planlaşdırılır. Bununla yanaşı, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları şəhərin sosial-mədəni həyatının inkişafına xidmət edəcək.
Şəhərsalma siyasətində ekoloji amillərin nəzərə alınması da xüsusi əhəmiyyət daşıyır. Ərazinin 22 faizinin, yəni təxminən 60 hektar sahənin yaşıllıqlardan ibarət olması planlaşdırılır. Adambaşına 33 kvadratmetr yaşıllıq sahəsinin nəzərdə tutulması Kəlbəcərin ekoloji baxımdan dayanıqlı və müasir şəhər modelinə uyğun inkişaf etdirilməsinə hesablanıb. Bundan əlavə, 27 kilometrdən artıq avtomobil və 22 kilometr velosiped yollarının salınması nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulmasını təmin edəcək.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarını təqdim etməsi doğma yurda qayıdışın artıq real sosial prosesə çevrildiyini göstərən mühüm hadisə oldu.
2026-cı il noyabrın 6-dək Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfərin məskunlaşması Böyük Qayıdış proqramının davamlı xarakter aldığını təsdiqləyir.
Kəlbəcərin inkişaf strategiyası yalnız şəhər mərkəzinin yenidən qurulması ilə məhdudlaşmır. Rayonun kənd yaşayış məntəqələrinin bərpası, sosial infrastrukturun yaradılması və əhalinin mərhələli şəkildə məskunlaşdırılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması bu siyasətin konkret nümunələridir. Uzunmüddətli inkişaf perspektivləri nəzərə alınmaqla Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılır.
Kəlbəcərin coğrafi mövqeyi və mürəkkəb dağlıq relyefi nəqliyyat infrastrukturunun inkişafını bölgənin gələcəyi üçün əsas prioritetlərdən birinə çevirir. Bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası xüsusi strateji əhəmiyyətə malikdir.
Ümumi uzunluğu 82 kilometr olan yolun 56 kilometri Toğanalı-Kəlbəcər, 26 kilometri isə Kəlbəcər-İstisu hissəsindən ibarətdir. Layihə çərçivəsində beş tunelin inşası nəzərdə tutulub və onların ümumi uzunluğu 25,9 kilometr təşkil edir. Bu infrastruktur layihəsi bölgənin digər rayonlarla nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, turizm imkanlarının genişləndirilməsi və iqtisadi fəallığın artırılması baxımından mühüm rol oynayacaq.
Kəlbəcərin təbii resursları bölgənin iqtisadi dirçəlişində mühüm rol oynayır. Xüsusilə hidroenerji potensialından səmərəli istifadə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji siyasətinin əsas istiqamətlərindən biridir.
Rayonda kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin inşası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Meydan çayı üzərində 3,4 meqavat gücündə elektrik stansiyası yenidən qurulmuş, Tərtər çayı üzərində yerləşən “Çıraq-1” və “Soyuqbulaq”, Qaraarxac çayı üzərindəki “Çıraq-2” stansiyaları bərpa edilmişdir. Bundan başqa, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının tikintisi rayonun enerji istehsalı imkanlarını genişləndirmişdir.
2022-ci il iyunun 26-da təməli qoyulan “İstisu” mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılmışdır. İllik istehsal gücü 100 milyon şüşədən artıq olan müəssisənin fəaliyyətə başlaması yerli istehsalın genişləndirilməsi, məşğulluğun artırılması və Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması baxımından əhəmiyyətlidir. Müəssisədə çalışanların əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması isə iqtisadi dirçəlişlə əhalinin sosial rifahı arasında birbaşa əlaqəni göstərir.
“İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması da bölgənin turizm potensialının inkişafı istiqamətində mühüm layihədir. 80 min kvadratmetr ərazini əhatə edəcək kompleksdə 145 nömrəli hotel binası, kotteclər və inzibati binalar inşa olunur. SPA mərkəzində mineral sularla müalicə, palçıq terapiyası və iqlim müalicəsi xidmətlərinin təşkili nəzərdə tutulur.
Kəlbəcərin bərpası və inkişafı istiqamətində həyata keçirilən işlərə Prezident İlham Əliyevin mütəmadi səfərləri xüsusi məzmun verir. Bu səfərlər bölgədə aparılan quruculuq işlərinin gedişinə nəzarətin, strateji layihələrin icrasının və dövlət siyasətinin ardıcıllığının mühüm göstəricisidir.
2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfər çərçivəsində Ömər aşırımı, Murovdağ tunelinin təməli, kiçik su elektrik stansiyalarının yenidən qurulması, elektrik yarımstansiyası və avtomobil yolları ilə bağlı layihələrlə tanışlıq həyata keçirilmişdir. Həmin səfər zamanı Kəlbəcər şəhərində Azərbaycan bayrağının ucaldılması və arıçılarla görüş bölgənin dövlət nəzarətinə qaytarılmasının, eyni zamanda iqtisadi həyatının bərpasının rəmzi hadisələri oldu.
2022-ci il iyunun 26-da keçirilən səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı, hərbi hissənin istifadəyə verilməsi, Kəlbəcər-Laçın yolunun inşası, şəhərin Baş Planı və İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi mühüm hadisələr sırasında yer aldı. Həmçinin “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlinin qoyulması bölgənin iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirən addımlar oldu.
2023-cü il mayın 27-də Yanşaq və Zallar kəndlərinin təməlinin qoyulması, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışı, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlinin qoyulması Böyük Qayıdış prosesinin yeni mərhələyə keçdiyini göstərdi. Həmin ilin avqustunda “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” stansiyalarının açılışı, Zar kəndinin təməlinin qoyulması da bölgənin enerji və yaşayış infrastrukturu baxımından inkişafını sürətləndirdi.
2024-cü il sentyabrın 2-də Kəlbəcərə səfər çərçivəsində “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, Xudavəng monastır kompleksinə baxış, avtomobil yolu və tunellərin inşası ilə tanışlıq, yeni yaşayış komplekslərinin və təhsil infrastrukturunun inkişafı ilə bağlı tədbirlər həyata keçirildi. Eyni zamanda “İstisu” mineral su zavodunun açılışı və İstisu qəsəbəsinin təməlinin qoyulması bölgənin iqtisadi və turizm potensialının reallaşdırılması baxımından mühüm hadisələr oldu.
2025-ci il avqustun 21-də baş tutan səfər zamanı isə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanışlıq, yeni yaşayış komplekslərinin və şəhər parkının təməlinin qoyulması, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı, sakinlərə mənzillərin təqdim edilməsi, eləcə də yeni su elektrik stansiyalarının istifadəyə verilməsi Kəlbəcərin çoxşaxəli inkişaf modelinin formalaşdığını nümayiş etdirdi.
Bu səfərlərin ümumi təhlili göstərir ki, Kəlbəcərdə bərpa prosesi ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır. Burada təhlükəsizlik, nəqliyyat, enerji, yaşayış, təhsil, səhiyyə, turizm və məşğulluq istiqamətləri vahid inkişaf strategiyası çərçivəsində əlaqələndirilir.
Kəlbəcərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji məqsədlərin tərkib hissəsidir. Bu proses bir tərəfdən keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin edir, digər tərəfdən ölkənin iqtisadi və sosial inkişafında yeni imkanlar yaradır.
Bölgənin təbii ehtiyatları, su və enerji potensialı, turizm imkanları, zəngin mədəni irsi və əlverişli strateji mövqeyi Kəlbəcərin gələcəkdə Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün geniş perspektivlər açır. Bununla yanaşı, həyata keçirilən layihələrin davamlılığı, əhalinin məşğulluğunun təmin olunması, sosial xidmətlərin əlçatanlığı və ekoloji tarazlığın qorunması uzunmüddətli inkişafın əsas şərtləri olaraq qalır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbənin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş dövlətçilik strategiyasının simvoludur. Kəlbəcər bu gün işğalın ağır nəticələrini geridə qoyaraq yenidən qurulur, sakinlərinin qayıdışı ilə öz əvvəlki həyat ritmini bərpa edir. Dünən hərbi-strateji mövqeyi ilə Azərbaycanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan bu diyar bu gün həm də iqtisadi inkişafın, yaşıl enerjinin, turizmin və müasir şəhərsalmanın perspektivli mərkəzinə çevrilir.
Kəlbəcərin dirçəlişi Zəfərin davamıdır. Bu dirçəliş Azərbaycanın ərazi bütövlüyünün bərpasının yalnız hərbi nəticə olmadığını, həm də insanların doğma torpaqlarında təhlükəsiz, firavan və dayanıqlı həyatının təmin edilməsinə yönəlmiş uzunmüddətli dövlət siyasəti olduğunu nümayiş etdirir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: