Milli Kitabxanada professor Kərim Tahirovun 75 illik yubileyinə həsr olunmuş sərgilər təqdim edilib


12 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun anadan olmasının 75 illik yubileyi münasibətilə “Professor Kərim Tahirov” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərin ixtiyarına verilib.
Azturkxeber.az-ın məlumatına görə, sərgilərdə görkəmli kitabxanaşünas alimin müəllifi, tərtibçisi, rəyçisi, ön söz müəllifi, tərcüməçisi və redaktoru olduğu nəşrlər, həyat və yaradıcılıq yoluna həsr olunmuş Azərbaycan və xarici dillərdə kitablar, eləcə də dövri mətbuat materialları nümayiş etdirilir.
Virtual sərgi ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Professor Kərim Tahirov – 75
Kərim Məhəmməd oğlu Tahirov 1951-ci il noyabrın 12-də Ağcabədi rayonunda anadan olub. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsində təhsil alıb. 1978-ci ildə təyinatla M. F. Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasında (indiki Azərbaycan Milli Kitabxanası) əmək fəaliyyətinə başlayıb. 1979–1982-ci illərdə Elmi-metodiki şöbədə böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor və bölmə müdiri vəzifələrində çalışıb.
1983–1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Baş Kitabxana Müfəttişliyində böyük müfəttiş, 1987–1988-ci illərdə həmin qurumun rəisi, 1988–1989-cu illərdə Mədəni-maarif müəssisələri İdarəsinin, 1989–1993-cü illərdə Mədəni-kütləvi işlər, kitabxana və muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993–2000-ci illərdə Kitabxana və muzey işləri Baş İdarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib.
2000–2005-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanasının metodik və nəşriyyat işləri üzrə direktor müavini olub. 2005-ci ildən Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.
2009-cu ildə “M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyət göstərərək gənc mütəxəssislərin yetişdirilməsinə töhfə verib. 2012-ci ildə dosent, 2013-cü ildə isə professor elmi adına layiq görülüb.
Elmi və beynəlxalq fəaliyyəti
Professor Kərim Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, elmi məqalələri müxtəlif ölkələrin nüfuzlu jurnallarında dərc olunub. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü olan alim bir neçə fəlsəfə doktoru və magistrin elmi rəhbəri, həmçinin rəsmi opponenti olub.
O, 70-dən artıq kitab, kitabça, metodik vəsait və fundamental biblioqrafiyanın müəllifi, tərtibçisi və redaktorudur. İlk kitabxana ensiklopediyasının hazırlanmasına rəhbərlik edib və onun baş redaktoru olub. 200-dən artıq elmi məqalənin müəllifidir. Azərbaycan Milli Kitabxanasının “Elmi əsərlər” nəşrinin, “Əlamətdar və tarixi günlər təqvimi”nin və “Azərbaycan kitabı” oncildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.
2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse-prezidentidir. Eyni zamanda, Avropa Milli Kitabxanaları Konfransı (CENL), Dünya Elektron Kitabxanası (WDL), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Şurası və Avrasiya Kitabxanaçılar Birliyinin üzvüdür. 2024-cü ildə Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri seçilib.
Milli Kitabxananın inkişafında mühüm xidmətlər
Professor Kərim Tahirovun rəhbərliyi dövründə Azərbaycan Milli Kitabxanası ölkənin ictimai və mədəni həyatında daha fəal iştirak etməyə başlayıb. Oxuculara xidmət sahələrinin tam avtomatlaşdırılması təmin olunub, müxtəlif mövzular üzrə 70-dən artıq fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib, cari biblioqrafik və informasiya göstəricilərinin, “Elmi əsərlər” nəşrinin çapı bərpa olunub.
Bu dövrdə kitabxananın elektron kataloqu, elektron kitabxanası və Elmi Şurası yaradılıb, 34 xarici ölkənin milli kitabxanaları ilə əməkdaşlıq memorandumları imzalanıb.
2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Ekspert Komissiyasının, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.
Dövlət təltifləri və mükafatları
Professor Kərim Tahirovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 2021-ci ildə isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
O, TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibətilə medalla, 2014-cü ildə “Qızıl Fortuna” Beynəlxalq Reytinqli Texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə, 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi xatirə nişanı ilə təltif edilib. 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin edilib. Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkili, inkişafı və yeni texnologiyalarla təkmilləşdirilməsi istiqamətindəki xidmətlərinə görə müxtəlif fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Kitabxanaçılıq sahəsində innovativ layihələr
Yeniliklərə daim önəm verən professor Kərim Tahirov “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı”, “Qarabağa kitabla gedək!”, “Musiqi kitabxanası”, “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)”, “Açıq kitabxana”, “Milli musiqi xəzinəmizdən səs yazmaları və qrammofon valları”, “Beynəlxalq musiqi kitabxanası” və digər mühüm layihələrin rəhbəridir.
Peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı və milli dəyərlərə bağlılığı ilə seçilən professor Kərim Tahirov Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafına mühüm töhfələr verən ziyalılardandır. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin elmi və mədəni nüfuzunun möhkəmləndirilməsinə, kitabxanaçılıq sahəsində yeni nailiyyətlərin əldə olunmasına və Azərbaycanın zəngin irsinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edir.
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov 75 illik yubileyində də ölkəmizdə elmin, mədəniyyətin və kitabxana işinin müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında inkişaf etdirilməsi istiqamətində məsuliyyətli və şərəfli fəaliyyətini ləyaqətlə davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: