Leyla Əliyeva COP31 çərçivəsində qadınların iqlim fəaliyyətində roluna həsr olunan paneldə iştirak edib





Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda iştirak edib.
Azturkxeber.az xəbər verir ki, panelin açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında mühüm rolunu, onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Leyla Əliyeva IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrdə qadınların fəal iştirakına diqqət çəkərək, xüsusilə regionlarda reallaşdırılan təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.
Paneldə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların iqtisadi imkanlarının genişləndirilməsi və qərarların qəbulunda iştirakının təmin edilməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu qeyd edib.
O, qadınların rəhbərlik etdiyi yaşıl bizneslərin inkişafının yalnız maliyyə resurslarına çıxışla deyil, həm də bilik və bacarıqların artırılması ilə dəstəklənməsinin vacibliyini vurğulayıb.
Bahar Muradova tədbirdə irəli sürülən “Qadınlar və İqlim İnvestisiyaları üzrə Əməkdaşlıq Təşəbbüsü”nün qadın sahibkarlar arasında yaşıl iqtisadiyyat və iqlim investisiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi üçün faydalı platforma ola biləcəyini bildirib. O, təşəbbüsün tərəfdaşlarla müzakirələr əsasında konkret məqsədlər və praktiki fəaliyyətlər çərçivəsində formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Panel iclasında Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə qadınların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərarların qəbulunda iştirakının təmin edilməsi əsas məsələlər kimi önə çəkilib. Eyni zamanda, Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə innovativ təşəbbüslərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: