Bahar Muradova COP31 çərçivəsində uşaqların iqlim fəaliyyətində iştirakına həsr olunan yüksək səviyyəli tədbirdə çıxış edib





14 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (#COP31) çərçivəsində “Gələcək nəslin hüquqları: COP31-də uşaqların iqlim liderləri kimi səlahiyyətləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbir keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova panel müzakirəsində çıxış edib.
Tədbirin əsas məqsədi iqlim dəyişikliyinin uşaqların həyatına və hüquqlarına təsirinin müzakirəsi, iqlim siyasətində uşaqların ehtiyaclarını nəzərə alan yanaşmaların gücləndirilməsi, eləcə də onların qlobal iqlim gündəliyində iştirakının və qərar qəbuletmə proseslərində rolunun artırılması olub.
Bahar Muradova çıxışında iqlim böhranının uşaqların sağlamlığına, təhsilinə, təhlükəsizliyinə və inkişafına təsirlərinə toxunaraq, iqlim siyasətində uşaqların hüquq və ehtiyaclarının nəzərə alınmasının, onların qərar qəbuletmə proseslərində fəal iştirakının vacibliyini vurğulayıb. O, bu istiqamətdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-un əhəmiyyətini qeyd edərək, Bakı Konfransının uşaqların, gənclərin və təhsilin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
B.Muradova Azərbaycanda uşaqların ekoloji hüquqlarının qorunması və iqlim təşəbbüslərində iştirakının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bu baxımdan Uşaq Səfirlər Məclisinin əhəmiyyətini vurğulayaraq, ölkənin bütün bölgələrindən olan uşaqların bu platforma vasitəsilə öz fikir və təkliflərini ifadə etdiklərini, icma təşəbbüslərində iştirak etdiklərini bildirib.
Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin xüsusi rolunu vurğulayan sədr bildirib ki, həyata keçirilən layihələr biomüxtəlifliyin qorunmasına, meşələrin bərpasına və gənclər arasında ekoloji maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verir.
B. Muradova uşaqların iqlim fəaliyyətində iştirakının məsləhətləşmələrlə məhdudlaşmamalı, onların təşəbbüslərinin konkret nəticələrə çevrilməsi üçün davamlı mexanizmlərin yaradılmalı olduğunu vurğulayıb. Bu baxımdan Azərbaycan, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən uşaq platformaları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Çıxışının sonunda Bahar Muradova Azərbaycanın uşaqların hüquqlarının qorunması və iqlim fəaliyyətində iştirakının gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayaraq, Antalya Dialoqunun COP29 çərçivəsində Bakıda əsası qoyulmuş təşəbbüslərin davam etdirilməsinə, ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və hər bir uşağın hüquqlarının təmin olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və İndoneziyanın nümayəndələri, BMT qurumlarının təmsilçiləri, uşaqlar və gənclər iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: