Bakıda “Eternity-2026” təliminin açılış mərasimi keçirilib



Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, təlim Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil olunub. Təlimə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də cəlb edilib.
Açılış mərasimində əvvəlcə hər üç ölkənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən general-mayor Vüqar Əliverdiyev iştirakçılara Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb, təlimdə qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb. O, təlimə hər üç ölkədən 200-dən çox şəxsi heyətin cəlb olunduğunu bildirib.
Çıxışlardan sonra iştirakçılara təlimin məqsədi və qarşıya qoyulan tapşırıqlar, eləcə də aidiyyəti dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, mütəmadi olaraq keçirilən təlimin əsas məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsi üzrə birgə fəaliyyətin koordinasiyasını təkmilləşdirmək, həmçinin iştirakçıların təbii resursların daşınması zamanı təhlükəsizliyin təmin edilməsinə dair əməliyyat və analitik bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: