Dövlət Komitəsinin sədri Bahar Muradova COP31 çərçivəsində keçirilən beynəlxalq tədbirdə çıxış edib.



9–20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP31 çərçivəsində, bu gün “Sosial müdafiə, qayğı xidmətləri və qadınların səlahiyyətləndirilməsi vasitəsilə ədalətli keçidin təmin edilməsi” mövzusunda beynəlxalq tədbir təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, BMT-nin Qadınlar Agentliyi (UN Women), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın moderatorluğu ilə keçirilən birinci paneldə Bahar Muradova ilə yanaşı, Misir Qadınlar üzrə Milli Şurasının prezidenti Amal Ammar, Serbiyanın gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi məsələləri üzrə portfelsiz naziri Tatjana Macura, eləcə də Somalinin ailə və insan hüquqlarının inkişafı naziri Khadija Mohamed Al-Makhzoumi iştirak ediblər.
Çıxışında tədbirin təşkilatçılarına və tərəfdaşlara təşəkkürünü bildirən Dövlət Komitəsinin sədri Bahar Muradova iqlim dəyişikliyi ilə mübarizədə ədalətli keçid anlayışının yalnız texnoloji və iqtisadi dəyişikliklərlə məhdudlaşmadığını, bu prosesdə insan, ailə və qayğı iqtisadiyyatının da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
O bildirib ki, iqlim dəyişikliyinin və yaşıl keçidin təsirləri cəmiyyətin bütün qruplarına eyni şəkildə təsir göstərmir. Xüsusilə qadınların və uşaqların sosial-iqtisadi baxımdan daha həssas vəziyyətə düşməməsi üçün güclü sosial müdafiə mexanizmlərinin, əlçatan qayğı xidmətlərinin və qadınların qərarların qəbulunda fəal iştirakının təmin edilməsi vacibdir.
B. Muradova Azərbaycanın COP29-a sədrliyi dövründə əldə olunan nəticələrə toxunaraq, iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin qəbul edilməsini, eləcə də gender bərabərliyi, insan kapitalı, qadınların və gənclərin iqlim fəaliyyətində iştirakının prioritet istiqamətlər kimi müəyyənləşdirilməsini diqqətə çatdırıb. O, gender amilini nəzərə alan maliyyələşdirmə və etibarlı məlumat bazasının iqlim hədəflərinə nail olunmasında mühüm rol oynadığını vurğulayıb.
Çıxışda Azərbaycanın milli inkişaf prioritetləri çərçivəsində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Dövlət Komitəsinin sədri yaşıl iqtisadiyyata keçidin qadınların iqtisadi imkanlarının genişləndirilməsi və ailə institutunun dayanıqlığının möhkəmləndirilməsi baxımından yeni imkanlar yaratdığını bildirib.
Bu istiqamətdə qadınların yaşıl sahibkarlığa və dayanıqlı kənd təsərrüfatına cəlb edilməsi, mikro sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji zonası”, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi xüsusi qeyd olunub.
Bahar Muradova, həmçinin qayğı iqtisadiyyatının və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsinin, gənc qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), bərpaolunan enerji və innovasiya sahələrinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin sosial dayanıqlıq, ailələrin gücləndirilməsi və yaşıl keçid sahəsində təcrübəsinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycan və Türkiyə arasında bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, gender statistikası və monitorinq alətlərinin birgə təkmilləşdirilməsini, qayğı xidmətlərinin yaşıl və sosial infrastrukturun mühüm tərkib hissəsi kimi qəbul edilməsini, eləcə də qadınların rəhbərlik etdiyi yaşıl təşəbbüslər və kənd kooperativləri üzrə regional əməkdaşlıq şəbəkələrinin genişləndirilməsini təklif edib.
Bahar Muradova çıxışının sonunda qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə uğur yalnız texnoloji yeniliklərdən deyil, həm də ədalət və bərabərlik prinsiplərinə əsaslanan cəmiyyətin qurulmasından asılıdır. Qadınların imkanlarının genişləndirildiyi, ailələrin qorunduğu və qayğı əməyinə dəyər verildiyi şəraitdə yaşıl keçid daha dayanıqlı və uzunmüddətli xarakter ala bilər.
Tədbirdə qlobal iqlim keçidinin iqtisadiyyatlara, əmək bazarlarına və insanların yaşayış imkanlarına təsiri, bu prosesdə qadınların və ailələrin üzləşdiyi sosial-iqtisadi risklər, eləcə də sosial müdafiə və qayğı xidmətlərinin əhəmiyyəti müzakirə olunub.
Qeyd edilib ki, COP30-un Ədalətli Keçid üzrə İş Proqramına dair nəticələri də daxil olmaqla, UNFCCC çərçivəsində son qərarlarda iqlim keçidinin ədalətli, hərtərəfli və sosial əsaslı olması vurğulanır. Bu yanaşma daha güclü sosial müdafiə, qayğıya həssas siyasətlər və əsas xidmətlərə çıxışı nəzərdə tutan Belém Gender Fəaliyyət Planı (2026–2034) ilə də dəstəklənir. Eyni zamanda, bu yanaşma CEDAW və BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 66-cı sessiyasının (CSW66) razılaşdırılmış nəticələri ilə uzlaşır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: