FHN-dən əhaliyə xəbərdarlıq: Güclü külək, intensiv yağış və sel gözlənilir
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-16-da gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Azturkxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Güclü külək əsəcəyi, bəzi ərazilərdə intensiv yağış yağacağı, dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Nazirlikdən bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq lazımdır.
Küləkli havada yanğınların söndürülməsinin çətinləşdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyə olunub. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
İntensiv yağışlarla əlaqədar çaylarda mümkün sel və daşqınlardan, eləcə də subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin çağırışlarına əməl etmək vacibdir.
FHN ildırım təhlükəsi ilə bağlı da əhaliyə xəbərdarlıq edib. Şimşək çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmaqdan çəkinilməsi, açıq havada elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durulması tövsiyə olunur. Həmçinin hündür ağacların altında daldalanmaq olmaz. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək məsləhət görülüb.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
