COP31 Azərbaycan pavilyonunda ikitərəfli görüş keçirilib



COP31 çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında ikitərəfli görüş keçirilib.
Azturkxeber.az xəbər verir ki, görüşdə ailə, qadın və uşaq siyasəti sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək perspektivlər müzakirə olunub.
Bahar Muradova COP31-ə hazırlığın yüksək səviyyədə təşkili və aktual məsələlərin müzakirəsi üçün yaradılan imkanlara görə Türkiyə tərəfinə təşəkkürünü bildirib. O, Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gündəlikdə yer alan məsələlər üzrə əldə olunmuş razılaşmaları və qəbul edilmiş mühüm qərarları xatırladaraq, həmin nəticələrin COP31 çərçivəsində daha geniş müzakirələr üçün etibarlı zəmin yaratdığını vurğulayıb.
Mahinur Özdemir Göktaş COP29 çərçivəsində qadın və uşaq məsələlərinə dair tədbirlərin yüksək səviyyədə təşkilini qeyd edib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsinə görə təşəkkürünü bildirib. Beynəlxalq platformalarda qadın və uşaq hüquqlarının müdafiəsi, birgə təşəbbüslərin və əməkdaşlığın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığa dair birinci Fəaliyyət Planının icrasının yekunlaşdırılması, eləcə də 2027–2030-cu illəri əhatə edəcək ikinci Fəaliyyət Planının qəbulu məsələləri müzakirə olunub. Yeni Fəaliyyət Planında COP31 gündəliyindən irəli gələn prioritetlərin və iqlim dəyişmələrinin təsirlərinin nəzərə alınmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi və qadınların iştirakçılığının gücləndirilməsinə yönəlmiş institusional mexanizmlərin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: