azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

03-10-2026

2 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azturkxeber.az xəbər verir ki, 3 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada Professor Misir Mərdanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Misir Mərdanov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin dərslikləri, ön söz müəllifi, tərtibçisi, redaktoru olduğu, layihə rəhbəri, məsləhətçisi, elmi fəaliyyəti, Azərbaycan və xarici dillərdə çap olunan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Misir_Merdanov_80/index.htm linkindən istifadə edə bilərlər.

Misir Cumayıl oğlu Mərdanov 3 oktyabr 1946-cı ildə Ermənistan SSR İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təyinatla Gəncə Pedaqoji İnstitutuna göndərilib, riyaziyyat fakültəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb.

1978-ci ildə ADU-nun mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsinə təyin olunub. 1985-1986-cı illərdə ADU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi (1988-1990), Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1991-1992), BDU-nun tədris işləri üzrə prorektoru (1992-1996), BDU-nun rektoru (1997-1998) məsul vəzifələrdə çalışıb. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-2025-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub.

Misir Mərdanov “Azərbaycan riyaziyyatçıları” adlı fundamental monoqrafiyanın, ali məktəblər üçün “Ali riyaziyyat” dərsliyinin, “Azərbaycanın təhsil siyasəti“, “Azərbaycan təhsili müstəqillik illərində” kitabların müəllifidir.

1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1981-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi rütbəsini alıb. 1989-cu ildə Ukrayna EA-nın riyaziyyat institutunun müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə yaradılan “Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası”nın sədri kimi, Azərbaycan təhsil tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının təhsili sahəsində islahat proqramı”nın hazırlanmasına bilavasitə rəhbərlik edib, onun rəhbərliyi altında “Milli Kurikulum - Milli Təhsil Konsepsiyası” sənədi hazırlayıb.

Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən fəxri prezidentidir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, eyni zamanda “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədridir. 2017-ci ildə professor Misir Mərdanov AMEA-nın müxbir üzvü seçilib.

Misir Cumayıl oğlu Mərdanov Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Elm və təhsil sahəsində göstərdiyi xidmətlərə əsasən 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2025-ci ilin noyabrında AMEA-nın 80 illik yubileyi çərçivəsində Misir Mərdanov "Lev Landau" döş nişanı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031