Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub


Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, xalçaşünas alim, pedaqoq, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun anadan olmasının 120 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 aprel 2026-cı il tarixində Sərəncam imzalayıb.
Bu əlamətdar yubiley münasibətilə 17 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, sərgilərdə Prezident İlham Əliyevin Lətif Kərimovun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, sənətkarın həyat və yaradıcılığını əks etdirən materiallar, əsərləri, onun haqqında nəşr olunmuş kitablar, izonəşrlər, Azərbaycan və xarici dillərdə ədəbiyyat, habelə dövri mətbuat materialları nümayiş etdirilir.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Letif_Kerimov/index.htm keçidi vasitəsilə tanış olmaq mümkündür.
Lətif Hüseyn oğlu Kərimov 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. 1912-ci ildə ailə şəraiti ilə əlaqədar valideynləri ilə birlikdə İranın Məşhəd şəhərinə köçüb.
1922-ci ildə təhsilini başa vurduqdan sonra Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əvvəlcə köməkçi, daha sonra təlimatçı kimi çalışıb, tədricən xalça eskizləri hazırlayan rəssam kimi peşəkar fəaliyyətini inkişaf etdirib. 1929-cu ildə Şuşaya qayıdıb. 1930-cu ildən “Azərxalça” birliyində rəssam-təlimatçı vəzifəsində çalışaraq əvvəlcə Şuşada, sonra Tiflisdə, 1932-ci ildən isə Bakıda fəaliyyət göstərib. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinə rəhbərlik edib, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Ləçək turunc” (1952), “Şuşa” (1953), “Göy göl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1966–1976), “Heyvanlar aləmində” (1969), “Şəbi-hicran” (1975), “Zərxara” (1977), “Firdovsi” (1934), “Səməd Vurğun” (1956), “Vaqif” (1967), “Füzuli” (1972), “Nəsimi” (1974), “Səfiəddin Urməvi” (1975), “Əcəmi” (1976) və digər xalçalar Azərbaycan xalçaçılıq sənətinin dəyərli nümunələri sırasındadır.
Sənətkar Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edib.
Lətif Kərimov xalçaçılıqla yanaşı, dekorativ-tətbiqi sənətin digər sahələrində də fəaliyyət göstərib. O, Azərbaycan xalçaçılığının müxtəlif növlərinə məxsus kompozisiya və naxışları toplayaraq Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına aid 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidini sistemləşdirib, onların rəngli reproduksiyalarını hazırlayıb.
1950-ci ildə “Azərbaycan xalçalarında ornament” adlı elmi əhəmiyyətli əsərinə görə Lətif Kərimova Sankt-Peterburqda sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 1967-ci ildə onun təşəbbüsü ilə Bakıda Azərbaycan Xalça Muzeyinin əsası qoyulub. 26 il sonra muzeyə görkəmli sənətkarın adı verilib.
Azərbaycan xalça mədəniyyətinin inkişafında mühüm rol oynamış Lətif Kərimovun zəngin irsi bu gün Azərbaycan Milli Xalça Muzeyində və dünyanın müxtəlif mədəniyyət mərkəzlərində qorunub saxlanılır. Onun yaradıcılıq irsi yalnız muzey eksponatları və xalça eskizləri ilə məhdudlaşmır. Sənətkarın mühüm elmi xidmətlərindən biri əsrlər boyu xalq ustalarının yaradıcılıq təcrübəsində formalaşmış naxış və ornamentləri toplaması, təsnif etməsi və sistemləşdirməsidir.
Lətif Kərimov xalçaçılığın elmi əsaslarının işlənib hazırlanmasına əhəmiyyətli töhfə verərək bu sənət sahəsinin müstəqil tədqiqat istiqaməti kimi inkişafına şərait yaradıb. Onun formalaşdırdığı elmi-bədii məktəb müasir xalçaçı-rəssamlar üçün yaradıcılıq mənbəyi, tədqiqatçılar üçün isə mühüm elmi baza rolunu oynayır.
Lətif Kərimovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib. Sənətkar 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: