“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi tərəfindən maarifləndirici tədbirlər keçirilib



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə regionun müxtəlif təhsil müəssisələrində hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirlər Quba rayonu İspik kənd tam orta məktəbində, Elm və Təhsil Nazirliyinin Quba Xüsusi Peşə Məktəbində, Quba şəhər Ümumi Təyinatlı İnternat Tipli Ümumi Təhsil Məktəbində, Qusar rayonu Aşağı Ləyər kənd tam orta məktəbində, Şabran rayonunun Uzunboyad kənd tam orta məktəbində, Siyəzən şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbində, eləcə də Quba rayonunun Pirvahid kəndində təşkil olunub.
Maarifləndirici görüşlərdə uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin Ombudsmana müraciət qaydaları, o cümlədən “916” Çağrı Mərkəzinin fəaliyyəti barədə iştirakçılar məlumatlandırılıblar.
Bununla yanaşı, iştirakçılara uşaq hüquqlarına dair milli və beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş müddəalar izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: