azturkxeber.az
http://azturkxeber.az

Nadir (raritet) avtonəqliyyat vasitələrinin güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları müəyyənləşib

09-07-2026

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalı zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni hüquqi mexanizmlər müəyyən edilib.

Azturkxeber.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində”, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.

Bununla əlaqədar proseslərin vahid qaydada təşkilinin tənzimlənməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən daxili qaydalar - “Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları” hazırlanıb.

Qaydalara əsasən, Mədəniyyət Nazirliyi yanında yaradılmış Ekspert Komissiyası daxil olan müraciətləri qiymətləndirəcək və avtonəqliyyat vasitələrinin nadir (raritet) meyarlarına uyğunluğu barədə rəy verəcək. Qiymətləndirmə tarixi və mədəni əhəmiyyət, nadirlik (unikallıq), kolleksiya dəyəri, orijinallıq səviyyəsi, texniki vəziyyət və Qaydalarla müəyyən edilmiş digər meyarlar əsasında həyata keçiriləcək.

Yeni mexanizmin tətbiqi nadir (raritet) avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və vahid yanaşmanın təmin edilməsinə, habelə yüksək tarixi, texniki və kolleksiya əhəmiyyətinə malik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına güzəştli şərtlərlə idxalı üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il tarixində saat 14:00-dan etibarən başlanılır. Müraciətlər my.culture.az informasiya resursu vasitəsilə elektron qaydada qəbul edilir.

Müraciətə baxılma prosesi ilkin sənəd yoxlanılması, Ekspert Komissiyası tərəfindən həyata keçirilən ekspertiza və qiymətləndirmə olmaqla iki mərhələdən ibarətdir. Müraciətin nümunəvi forması, tələb olunan sənədlərin siyahısı və qiymətləndirmə meyarları müvafiq Qaydalarda əks olunub.

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng etmək və ya info@culture.gov.az elektron poçt ünvanına müraciət etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031