Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında



İyulun 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, komitə sədri Sadiq Qurbanov gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
Öncə “Enerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki, qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, proqram təminatının əldə edilməsinin, habelə informasiya təminatı və maarifləndirmə tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsidir. Dəyişikliklər enerji səmərəliliyi sahəsində fəaliyyətlərin davamlı maliyyə mənbəyi ilə dəstəklənməsinə, əhalinin məlumatlılığının artırılmasına, enerjidən səmərəli istifadə vərdişlərinin təşviqinə və enerji qənaəti mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.
Daha sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Qeyd edilib ki, qanun layihəsinə edilən dəyişikliklərin əsas məqsədi “Qaz təchizatı haqqında” qanunun tətbiqindən irəli gələn hüquqi uyğunlaşdırmaları təmin etməkdir. Belə ki, “Dövlət rüsumu haqqında” qanunda 18.59-cu maddə ləğv edilir və “Energetika haqqında” qanunda terminoloji xarakterli dəyişikliklər edilərək qanunvericiliyin vahidliyi və ardıcıllığı təmin olunur.
Məsələlərlə bağlı müzakirədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Asif Əsgərov və Vüqar Rəhimzadə çıxış edərək sənədlərlə bağlı fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
İclasda qanun layihələrinin hər ikisi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitənin üzvləri Nigar Arpadarai, Afət Həsənova, Rövşən Muradov, Bədəl Bədəlov və digər rəsmi şəxslər iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: