Rəqəmsal gələcəyə doğru: innovasiya, süni intellekt və kibertəhlükəsizlik

Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik dövlətlərin iqtisadi inkişafını, milli təhlükəsizliyini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas strateji amillərə çevrilmişdir. Dördüncü sənaye inqilabının yaratdığı yeni reallıqlar fonunda rəqəmsal transformasiya artıq yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və ictimai xidmətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən fundamental inkişaf istiqamətidir.
Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm prioritetlərindən biri rəqəmsal dövlət quruculuğu, innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsidir. Son illərdə qəbul olunmuş strateji sənədlər və həyata keçirilən institusional islahatlar ölkəmizin rəqəmsal inkişaf sahəsində uzunmüddətli baxışını əks etdirir.
Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə rəqəmsallaşma, elektron hökumət, innovasiya və süni intellekt sahələrində prioritetlər müəyyən edilmiş, bu istiqamətdə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal idarəetmənin institusional əsaslarının möhkəmləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinə xidmət edir. Prezidentin tapşırığına əsasən dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin müəyyən edilməsi də islahatların səmərəli icrasını təmin edir.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal inkişafının əsas yol xəritəsini müəyyən etmişdir. Fəaliyyət Planında dövlət idarəçiliyinin optimallaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi və rəqəmsal suverenliyin gücləndirilməsi əsas hədəflər kimi müəyyən edilmişdir. Sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılmış, rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində vahid idarəetmə modelini formalaşdırmışdır.
29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edilmişdir. Mehriban Əliyeva qeyd etmişdir ki, dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsi dövlət siyasətinin əsas prioritetləridir və bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun həyata keçirilməlidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətinin əsas məqsədi dövlət qurumları arasında səmərəli koordinasiyanın təmin edilməsi, rəqəmsal transformasiya prosesinin vahid yanaşma əsasında həyata keçirilməsi və qəbul edilmiş strateji hədəflərin icrasına sistemli nəzarətin təşkilidir. Onun rəhbərliyi altında rəqəmsal inkişafın insan amilinə əsaslanması, vətəndaş məmnunluğunun artırılması, dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Bu yanaşma rəqəmsal transformasiyanın yalnız texnoloji deyil, eyni zamanda sosial-iqtisadi inkişafın, müasir dövlət idarəçiliyinin və dayanıqlı insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm strateji proses olduğunu bir daha nümayiş etdirir.
Rəqəmsallaşma - vətəndaşyönümlü dövlət xidmətlərinin yeni mərhələsi
Fəaliyyət Planının əsas istiqamətlərindən biri dövlət xidmətlərinin vahid rəqəmsal platformada təqdim edilməsidir. Bu məqsədlə "mygov" və "mygov Biznes" platformalarının inkişafı davam etdirilir və dövlət qurumlarının ayrı-ayrı informasiya sistemləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya olunur.
Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Artıq yaşa görə əmək pensiyası avtomatik təyin edilir, yaxın dövrdə uşağın doğulmasına görə birdəfəlik müavinətin də proaktiv qaydada verilməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqələrinin etibarlılıq müddəti barədə əvvəlcədən bildirişlərin göndərilməsi, həmçinin səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsallaşdırılması da planlaşdırılır.
İnnovasiya - rəqabətqabiliyyətli iqtisadiyyatın əsas dayağı
Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə vençur maliyyələşdirilməsi, kraudfandinq, "mələk investorlar" institutu, "Fondlar Fondu", açıq məlumatların biznes üçün əlçatanlığı, "Rəqəmsal Səyyah" və "Rəqəmsal İstedad" vizaları, həmçinin frilanserlər üçün vergi güzəştləri nəzərdə tutulur.
34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketi rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinin hüquqi əsaslarını formalaşdırır. Bununla yanaşı, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksək ixtisaslı mütəxəssislər üçün vergi stimulları, vençur kapitalı və innovasiya fəaliyyətinin dəstəklənməsi Azərbaycanın beynəlxalq texnologiya mərkəzi kimi mövqeyini gücləndirməyə xidmət edir.
Süni intellekt - rəqəmsal idarəetmənin yeni mərhələsi
Fəaliyyət Planında süni intellekt dövlət idarəçiliyinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Cari il ərzində "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi nəzərdə tutulur.
Artıq 24/7 fəaliyyət göstərən virtual vətəndaş köməkçisinin ilkin versiyası istifadəyə verilmiş, səhiyyə, təhsil və gömrük sahələrində yeni həllərin hazırlanmasına başlanılmışdır. Milli hesablama gücünün formalaşdırılması məqsədilə 64 qrafik prosessorun (GPU) quraşdırılması planlaşdırılır.
Kibertəhlükəsizlik - rəqəmsal suverenliyin təminatı
Rəqəmsal transformasiyanın davamlılığı üçün kibertəhlükəsizlik əsas prioritetlərdən biridir. Yeni qanunvericilik çərçivəsində kiberdayanıqlılıq, kibergigiyena və kibertəhlükəsizlik anlayışlarının hüquqi əsasları müəyyən edilir.
Milli Kibertəhlükəsizlik Agentliyinin, onun nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC), Milli CERT və Rəqəmsal Tədqiqat Mərkəzinin yaradılması kibertəhlükəsizlik sahəsində vahid idarəetmə modelini formalaşdırır.
Təhsilin rəqəmsal transformasiyası
Təhsil sisteminin rəqəmsallaşdırılması insan kapitalının inkişafında mühüm rol oynayır. Hazırda bütün təhsil müəssisələri təhlükəsiz internet şəbəkəsi ilə təmin edilmiş, məktəblərə 235 mindən çox kompüter verilmiş, bir kompüterə düşən şagird sayı 32-dən 6-ya endirilmişdir. 900 mindən çox istifadəçini əhatə edən "Rəqəmsal məktəb" platforması təhsil prosesinin bütün iştirakçılarını vahid rəqəmsal mühitdə birləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti, 2026–2028-ci illər üzrə Fəaliyyət Planının icrası və həyata keçirilən kompleks islahatlar dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, innovasiya əsaslı iqtisadiyyatın inkişafına, insan kapitalının gücləndirilməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal texnologiyalar mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: