azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə “Gənc xilasedici” beynəlxalq yarışının qalibləri mükafatlandırılıb

04-07-2026

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin qaliblərinin iyulun 4-də Qəbələ şəhərində mükafatlandırma mərasimi keçirilib.

FHN-dən bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Builki yarışlara Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar iştirakçı, Tacikistan isə müşahidəçi qismində qatılıb.

Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli vətənpərvərlik ruhunun aşılanması, xilasedici peşəsinə marağın artırılması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub.

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin, ikinci yerə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin, üçüncü yerə isə Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031