AQEM-də Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astanadakı qərargahında Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovun şərəfinə tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbir AQEM-in baş katibi, səfir Kayrat Sarıbayın təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
AQEM-in baş katibi qeyd edib ki, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovun bu ölkədəki diplomatik fəaliyyəti təşkilatın inkişafının mühüm mərhələsinə təsadüf edib. O, Azərbaycan səfirliyi ilə AQEM Katibliyi arasında qurulmuş konstruktiv əməkdaşlığı yüksək qiymətləndirib.
Kayrat Sarıbay vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə təşkilat üzv dövlətlər və Katibliklə birlikdə AQEM-in Astanada keçirilmiş Altıncı Zirvə Toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsini davam etdirir.
O, qarşıdan gələn AQEM Zirvə Toplantısının Bakıda keçirilməsinin təşkilatın inkişafında növbəti mühüm mərhələ olacağına və Azərbaycanın sədrliyinin, eləcə də bütün üzv dövlətlərin məqsədyönlü fəaliyyətinin layiqli yekunu kimi qiymətləndiriləcəyinə əminliyini ifadə edib.
Kayrat Sarıbay həmçinin bildirib ki, Qazaxıstan Prezidentinin Sərəncamı ilə Ağalar Atamoğlanovun II dərəcəli “Dostluq” ordeni ilə təltif olunması onun Azərbaycan ilə Qazaxıstan arasında möhkəm dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gücləndirilməsinə verdiyi töhfənin yüksək səviyyədə qiymətləndirilməsidir.
Səfir Ağalar Atamoğlanov isə öz növbəsində bildirib ki, Azərbaycan AQEM çərçivəsində hərtərəfli münasibətlərin dərinləşdirilməsinə böyük önəm verir və təşkilatı Asiyada etimadın möhkəmləndirilməsi üçün konkret mexanizmlərin inkişaf etdirilməsində səmərəli platforma hesab edir.
Ağalar Atamoğlanov vurğulayıb ki, AQEM-ə sədrliyi dövründə Azərbaycan bir sıra təşəbbüslərlə çıxış edib və mühüm tədbirlərin təşkilatçısı olub. Onun sözlərinə görə, oktyabr ayında Bakıda keçiriləcək AQEM-in Zirvə Toplantısı Azərbaycan sədrliyinin mühüm mərhələsi olacaq və təşkilatın gələcək transformasiyası prosesində əldə olunmuş nəticələrin möhkəmləndirilməsinə imkan verəcək.
Tədbir zamanı Ağalar Atamoğlanova L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin inkişafına verdiyi xüsusi töhfəyə görə bu ali məktəbin 30 illik yubiley medalı təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:





