Milli Kitabxanada “28 May – Müstəqillik Günü” ilə əlaqədar elektron layihələr istifadəçilərə təqdim olunub


28 may 2026-cı il tarixində Milli Kitabxanada Müstəqillik gününə həsr olunmuş “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazası və eyniadlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, elektron məlumat bazasında (https://anl.az/el/emb/Cumhuriyyet/) tammətnli resurslar “Rəsmi sənədlər”, “Şərqdə ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlərin fikirləri”, “İstiqlal bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan hökuməti”, “Təhsil”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində istifadəçilərə təqdim olunur.
Virtual sərgidə (https://anl.az/el/vsb/28_may/index.html) müstəqilliyimizin tarixi, dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyət yaradıcıları və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti meydana gəldi və Azərbaycan dövlətçiliyinin müasir siyasi-hüquqi əsasları formalaşdı.
Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika olmaqla yanaşı, bütün vətəndaşlar üçün bərabər siyasi hüquqların təmin edilməsini qarşıya məqsəd qoyub.
Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində dövlətin respublika idarəetmə formasına malik olduğunu, millət, məzhəb, sinif və cins fərqi qoyulmadan vətəndaşların siyasi hüquqlarının təmin ediləcəyini bəyan edib.
1918-ci il noyabrın 9-da Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə üçrəngli-mavi, qırmızı və yaşıl zolaqlardan ibarət Azərbaycan bayrağı qəbul edilib. Bu bayraq müsəlman Şərqində ilk dünyəvi dövlətin siyasi və mədəni identitetinin rəmzinə çevrilib. Ondan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qırmızı rəngdə olub.
Azərbaycan Demokratik Respublikası mürəkkəb beynəlxalq və daxili siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. 1920-ci il aprelin 28-də bolşevik ordusunun Bakıya daxil olması ilə Cümhuriyyət devrilib və Azərbaycan Sovet Rusiyasının tərkibinə məcburi şəkildə qatılıb. Lakin bu devrilmə istiqlal ideyasını məhv edə bilməyib, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” çağırışı milli azadlıq ideologiyasının əsas ifadəsinə çevrilib. 1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa edib və özünü 1918-ci il Cümhuriyyətinin hüquqi varisi elan edib.
1990-cı ildən etibarən 28 may tarixi Respublika Günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi qeyd olunmağa başlayıb. Daha sonra 2021-ci il 15 oktyabr tarixli qərarla bu günün adı “Müstəqillik Günü” kimi dəyişdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: