Milli Kitabxanada “25 noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub


2026-cı il noyabrın 25-də Milli Kitabxanada Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əlamətdar günlərindən biri olan Kəlbəcər Şəhəri Günü münasibətilə “25 noyabr – Kəlbəcər Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Kəlbəcər şəhərinin işğaldan azad edildiyi 25 noyabr tarixi Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Sərgilərdə Kəlbəcər şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyətə malik qədim maddi-mədəniyyət abidələri, Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı Qələbə, tarix yazan qəhrəmanlarımız, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərin döyüş yolundan bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş ədəbiyyat nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Kelbecer_seheri_gunu/index.htm keçidindən istifadə edə bilərlər.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdur. İşğal nəticəsində 511 dinc sakin həyatını itirmiş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdür. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə yaşayış evi və çoxsaylı texnika talan edilmiş və dağıdılmış, rayonun milyardlarla manat dəyərində sərvəti Ermənistana daşınmışdır. Kəlbəcər ərazisində işğalın ağır nəticələrini əks etdirən çoxsaylı faktlar mövcuddur. Dağıntı və talan halları həm işğal dövründə, həm də 2020-ci ildə Ermənistan qüvvələrinin və ərazidə məskunlaşmış şəxslərin rayonu tərk etməsi zamanı davam etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq və yüksək döyüş əzmi nəticəsində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən geri çəkilməyə məcbur olmuşdur. Otuz ilə yaxın işğal altında qalmış torpaqlar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilərək Azərbaycana qaytarılmışdır. Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya xarakterli Üçtərəfli Bəyanatı imzalamağa, Ağdam rayonunun Azərbaycana qaytarılmasından beş gün sonra, noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etmişdir. Beləliklə, Kəlbəcər rayonu əlavə döyüş əməliyyatları aparılmadan Azərbaycana qaytarılmışdır. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Azərbaycan xalqının öz gücü, birliyi və qəhrəmanlığı sayəsində uzun illər işğal altında qalmış torpaqların azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpası milli tariximizin mühüm nailiyyətlərindən biridir.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Hazırda Kəlbəcər rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bu bölgənin gələcək inkişafı və işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesinin uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” sözləri Kəlbəcərin işğaldan azad olunmasının yalnız hərbi-siyasi qələbə deyil, həm də tarixi ədalətin bərpasının və milli qürurun təntənəsinin ifadəsi olduğunu göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: