ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramının Məzun Günü keçirilib



ADA Universitetinin İxtisasartırma Proqramlarının təşkilatçılığı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən “Xəzər hövzəsi araşdırmaları” proqramı cari il noyabrın 14-dən 23-dək baş tutub.
Azturkxeber.az xəbər verir ki, builki proqramda Albaniya, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Gambiya, İndoneziya, İraq, Keniya, Malayziya, Misir, Monteneqro, Mərakeş Krallığı, Oman, Tacikistan, Türkmənistan və Xorvatiyadan 16 orta rütbəli diplomat iştirak edib.
Təlim proqramı çərçivəsində keçirilən akademik sessiyalar Azərbaycanın xarici siyasəti, enerji diplomatiyası, iqtisadi inkişafı, qlobal nəqliyyat şəbəkələrindəki rolu, regional təhlükəsizlik, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və milli-mədəni irs kimi mövzuları əhatə edib.
Məzun Gününün açılışında çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov proqramın Azərbaycan və Xəzər regionu haqqında biliklərin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, məzunları təbrik edərək onlara uğurlar arzulayıb.
ADA Universitetinin prorektorunun müşaviri və İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva bu il 15 illiyini qeyd edən proqram üzrə indiyədək 27 qrupun təşkil olunduğunu və 109 ölkədən 401 diplomatın məzun olduğunu bildirib.
Tədbirdə çıxış edən xarici ölkələrin səfirləri proqramın beynəlxalq təcrübə mübadiləsinə, peşəkar əlaqələrin qurulmasına və diplomatik əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni vurğulayıblar.
Diplomatlar xarici işlər nazirinin müavini Samir Şərifov və Milli Məclisin deputatları ilə dəyirmi masa formatında fikir mübadiləsi aparıblar, həmçinin Heydər Əliyev Mərkəzini və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Proqramın yekununda iştirakçılar işğaldan azad edilmiş Şuşa və Xankəndi şəhərlərinə səfər edərək bölgənin tarixi-mədəni irsi və həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.
Məzun Gününün sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Əlavə məlumat üçün:
Email: media@ada.edu.az
Telefon: (012) 437 32 35 (daxili 135)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: