azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva cəmiyyəti abituriyentlərə qarşı daha anlayışlı və dəstəkləyici mövqe sərgiləməyə çağırıb

23-05-2026

Ombudsman Səbinə Əliyeva cəmiyyətimizi abituriyentlərə qarşı dəstəkləyici mövqe nümayiş etdirməyə və anlayışlı olmağa çağırıb.

Hörmətli abituriyentlər!

Hər bir şəxsin həyat və sağlamlığı ali dəyər hesab edilir. İnsan həyatı yalnız müəyyən nəticələr və ya ayrı-ayrı mərhələlərlə ölçülməməlidir. İmtahanlar həyat yolunun vacib mərhələlərindən biri olsa da, insanın gələcəyini və potensialını tam müəyyən edən yeganə meyar deyil. Müasir dünyada uğura aparan yollar müxtəlifdir və hər bir gəncin qarşısında fərqli imkanlar mövcuddur.

​Əziz gənclər! İmtahan prosesi ilə əlaqədar həyəcan və narahatlıq hisslərinin yaşanması təbii və anlaşılandır. Bununla yanaşı, bu dövrdə özünüzə qarşı diqqətli olmaq, emosional vəziyyətinizə nəzarət etmək və ehtiyac yarandıqda ailəniz, müəllimləriniz və ya mütəxəssislərlə fikir bölüşmək vacibdir. Unutmaq olmaz ki, hər bir nəticə yeni imkanlar və gələcək inkişaf üçün təcrübədir. Özünə inanmaq, daxili balansı qorumaq və sağlam düşüncə ilə irəliləmək bu mərhələdə xüsusi əhəmiyyət daşıyır.

​Hörmətli valideynlər!

Apardığımız təhlillər göstərir ki, imtahanlar ərəfəsində və imtahanlardan sonrakı dövrdə abituriyentlər arasında riskli davranışlar müşahidə olunur. Məhz bu həssas dönəmdə abituriyentlərə dəstək olmaq, onları anlayışla dinləmək və motivasiyaedici münasibət göstərmək olduqca vacibdir. İmtahan nəticələri gənclərin şəxsiyyətini və dəyərini müəyyən edən göstərici kimi qəbul edilməməlidir. Unutmayaq ki, ailədaxili sağlam və dəstəkləyici mühit onların psixoloji rifahına müsbət təsir göstərir. Gənclərin həyatının bu mühüm mərhələsində onların emosional rifahına diqqətlə yanaşılması və zərurət olduqda peşəkar dəstəyə əlçatanlığın təmin edilməsi vacibdir.

​Aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və media nümayəndələri də bu dövrdə xüsusi həssaslıq nümayiş etdirməli, abituriyentlərin psixoloji rifahını diqqətdə saxlamalı, maarifləndirici təşəbbüslərin və psixoloji dəstək imkanlarının genişləndirilməsinə töhfə verməlidirlər. İmtahan prosesi ilə bağlı bütün maraqlı tərəfləri və cəmiyyətimizi gənclərə qarşı anlayışlı, diqqətli və dəstəkləyici mövqe nümayiş etdirməyə çağırıram.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031