azturkxeber.az
http://azturkxeber.az

WUF13 Bakıdan Dünyaya: Dayanıqlı Şəhərlərə Doğru

19-05-2026

Müasir şəhərsalma işinin əsas prioritetləri məxsusi olaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji davamlılığa, inklüzivliyə və iqtisadi səmərəliliyə xidmət edir. Bu işin ictimai önəmi də, siyasi istiqaməti də məhz insan amilinə əsaslanır. Bu prioritetləri əlində əsas tutduğu üçün Azərbaycan dövləti ölkəmizdə bu işin mahiyyətini tam açmaq, insan resurslarını ictimai örnəklər kimi təqdim etmək məqsədilə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsini önəmli hesab etdi.

Bakı yenə dünyanın diqqət mərkəzindədir. Mayın 17-dən başlayaraq paytaxtımızda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası işinə start verib və bu proses artıq dünya miqyasında da böyük maraq və diqqətlə qarşılanır. Əlbəttə, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir.

Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın görünür və bütün bu uğurlar dövlətimizin iqtisadi inkişaf göstəricisidir.

Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin bariz hissəsi kimi xarakterizə edib və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərinin çıxışında çox aydın diqtə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır. Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.

Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyi bir ölkələrə bəllidir. Prezident İlham Əliyev də məhz bu prizmadan yanaşaraq çıxışında bu prosesin böyük önəm kəsb edtiyini xüsusi vurğuladı və əlavə olaraq dedi: “Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir”.

Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Elə əvvəlki illərdə - ümummilli lider Heydər Əliyevin də başladığı qlobal proqramların hamısı məhz bu prosesə dəlalət edirdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi.

Bakıdakı Sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri bunlardır: mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək və s. Bu istiqamətlərin hamısı 17-22 may tarixlərində Bakıda keçirilən Sessiyada tamlığı ilə iştirakçıların və hər kəsin diqqətinə çatdırılacaq, bu məsələlər ətrafında ümumi müzakirələr aparılacaq.

Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forum-tədbirdir. Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031